Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda şair qəzəlxan Mahcamal Babayevanın “Hələ də gec deyil” adlı yeni kitabının təqdimatı keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbiri Yazıçılar Birliyinin katibi İlqar Fəhmi açaraq Mahcamal Babayevanın klassik janrda yazdığı şeir nümunələrində öz dəst-xətti olduğunu qeyd edib.
“Azərbaycan” jurnalının redaktoru, Əməkdar incəsənət xadimi İntiqam Qasımzadə klassik janrda yazan müasir şairlər sırasında Mahcamal Babayevanın xüsusilə seçildiyini bildirib, onun heca vəznində yazdığı şeirləri bəyəndiyini qeyd edib.
Bəstəkarlar İttifaqının katibi, professor, musiqişünas Zemfira Qafarova Mahcamal xanımın "Bizim bağın çəpəri yox" adlı kitabını da xatırladıb.
Filologiya elmləri doktoru Vaqif Yusifli də kitab haqqında müsbət fikirlərini bildirib. Çıxışının sonunda o, Mahcamal Babayevanın “Külək” qəzəlini söyləyib.
Tədbirin qonağı - Rusiyanın Əməkdar həkimi, tibb elmləri doktoru, Smolensk vilayətinin sabiq senatoru Lyudmila Kozlova müəllif haqqında ürək sözlərini deyib.
Sonra şairin qələm dostları - şair Firuzə Məmmədli, Əməkdar jurnalist Zemfira Məhərrəmli, "Yada düşdü" dərgisinin redaktoru Nəzakət Məmmədli, şair yazıçı Şövkət Zərin Harovlu, şairin tələbə yoldaşı texnika elmləri doktoru Alçın Şirinzadə ürək sözlərini bölüşüblər.
Daha sonra aktyor Tural Əhməd şairin qəzəllərini səsləndirib.
Sonda Mahcamal Babayeva Vətən müharibəsinə həsr etdiyi “Oğul olduq” rədifli qəzəlini və həyatdan vaxtsız köçən qızı Aynurun xatirəsinə ithaf olunmuş qəzəlini söyləyib.
“Ədəbiyyat və incəsənət”
(10.05.2024)