Vaqif Bəhmənlinin “Əsərlər” çoxcildliyinin 1-ci və 2-ci cildləri işıq üzü görüb

Tanınmış şair Vaqif Bəhmənli Facebook sosial şəbəkəsində yeni kitabının çıxması barədə xəbər paylaşıb və bir yeni şeirini oxuculara təqdim edib. Statusu diqqətinizə çatdırırıq:

Əziz dostlar, 2021-ci ilin sonunda “Əsərlər” çoxcildliyimin 1-ci və 2-ci cildləri işıq üzü gördü. İkinci cilddən bir şeiri ixtiyarınıza verir, qarşıdan gələn gözəl bayramlar münasibəti ilə hər birinizi təbrik edir, uzun ömür, can sağlığı və sonsuz uğur arzulayıram. Həyatınız işıqla dolsun, orada qaranlığa zərrəcə yer qalmasın! 

 

İŞIQMAN

 

Qapıdan qovanda girib bacadan 

Gün Tanrı böyrümə yan alaydı kaş.

Göz açıb-yumunca söküləydi dan,

Gecənin uzunu an olaydı kaş...

 

İşıq dolduraydı dalan-tinləri,

Gecələr zülmətlə dolan tinləri...

Üstü xətlənəydi yalan dinlərin

Sübh çağı ən doğru din olaydı kaş.

 

Yanıb qaralaydı günəşdə dərim –

ya işıq, ya heç nə... Allaha kərim!

İşığa düşəydi fanar gözlərim,

işığa baxmaqdan qan olaydı kaş!

 

Aşiqlər işığa aşiq olaydı,

işığı içməyə qaşıq olaydı...

Dünyanın Allahı işıq olaydı –

qurbanı qoyun yox, mən olaydım kaş!

 

Nurdu qibləgahım, sabahdı yönüm;

deyim mətləbimi, başına dönüm –

hamıya dönəydim işığa dönüb,

hamı işıqlanıb mən olaydı kaş!

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.