XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, ustad aşıq olmaqla yanaşı, həm də şair kimi məşhur olan, aşıq şeirinin müxtəlif şəkillərində gözəl poetik nümunələr yaradan Mikayıl Azaflının şeirləri yenidən çapa hazırlanıb.
“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Aşıqlar Birliyinə istinadən xəbər verir ki, birlikdə nəşrə hazırlanan “Ağarmayın, ay saçlarım, amandı...” adlı bu kitabda ustad aşıq Mikayıl Azaflının bu il tamam olan 100 illik yubileyi münasibətilə saz-söz ictimaiyyətinə ərməğan olaraq onun 100 şeiri təqdim olunur.
Burada ustadın yaradıcılığından seçmə şeirlər - əsasən aşıqların repertuarından düşməyən, dillərdə əzbər olan poeziya nümunələri yer alıb. Sözügedən poetik örnəkləri müşayiət edə biləcək saz havaları, o cümlədən də ustadın özünün bəstələdiyi havalar şeirlərin sonunda göstərilib.
Kitabı nəşrə hazırlayanlar Əməkdar mədəniyyət işçiləri Gülarə Azaflı və Musa Nəbioğlu, filologiya üzrə fəlsəfə doktoru Altay Məmmədli, elmi məsləhətçi və redaktoru, “Ön söz”ün müəllifi isə Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlıdır.
“Ədəbiyyat və incəsənət”
(24.04.2024)