Dəyərli oxucularımız. “Mütaliə saatı” rubrikasında “Ədəbiyyat və incəsənət” sizlər üçün yeni romanın yayımlanmasına başlayır: Fəxrəddin Qasımoğlu, “İkibaşlı əjdaha”!
«Son gecə» və «On ikiyə işləmiş» adlı iki biri-birindən maraqlı romanlarla debüt edən yazıçının hər iki romanı portalımızda dərc edilib. Əminik ki, Fəxrəddin Qasımoğlunun “İkibaşlı əjdaha”sını da bəyənəcəksiniz.
Yanından keçən avtopatrul maşını onu görüb saxladı. Maşından düşən ortayaşlı serjant yaxınlaşıb özünü təqdim etdi. Onun ardınca düşən digər əməkdaş bir qədər aralıda dayanıb baxmağa başladı. Serjant avtopatrul naryadının rəhbəri idi. O da hamı kimi az əvvəl verilən əmri qəbul etmişdi və belə hallarda nə edəcəyini gözəl bilirdi. Çəlikli adamı görən kimi maşını saxlatdırmışdı. Sənədlərini yoxlayarkən onun az əvvəl verilmiş məlumatdakı İvan Andreyeviç Nikolayev olub-olmaması bilinəcəkdi. Özünü təqdim edən serjant əlini uzadıb çəlikli adamla salamlaşdıqdan sonra dedi:
-Salam, qardaş. Zəhmət olmasa sənədlərinizi təqdim edin.
Adam salamı alıb əlini cibinə saldı və çıxardığı şəxsiyyət vəsiqəsini ona uzatdı. Sənədə diqqətlə baxan serjant qarşısındakı adamın məhz az əvvəl deyilən adam olduğunu gördükdə gülümsəyib dedi:
-Ooooo, Razində yaşayırsız? Orada mənim xalamgil yaşayır. Tez-tez gedib-gəlirəm. Mən də arada istədim o tərəflərə köçüm, amma alınmadı. Evlər çox bahadır.
Serjantın səlist rus dilində danışdığını görən adam da gülümsəyib dedi:
-Bəli, Razin gözəl qəsəbədir. Həm səfalı, həm də şəhərə yaxın.
Serjant rolunu oynamaqda davam etdi:
-Xalamgil «tolkuçka»nın yanında olurlar. Geniş həyətləri var. Elə imkan düşən kimi onlara gedirəm. Həyətdə samovar qaynadıb otururuq,-o, qəsdən söhbəti uzadıb onun sənədini qaytarmağa tələsmirdi.
Çəlikli adam yenə onun tonuna uyğun cavab verdi:
-Mənim də samovarım var. Uşaqlar tez-tez qaynadırlar.
Elə bu zaman serjantın telefonuna zəng gəldi. O üzr istəyib danışmaq üçün bir qədər kənara çəkildi. Bu zaman çəlikli adamın sənədini hələ də özündə saxlamışdı. Zəng edən patrul maşınının yanında qalan sürücü polis nəfəri idi. Telefonu qulağına qoymadan patrul qrupunun rəhbərinin nömrəsinə zəng edib onun şübhə doğurmadan çəlikli adamı bir qədər də ləngitməsinə şərait yaratmışdı. Əməkdaşının bu hərəkətini özlüyündə alqışlayan komandir, qəsdən ucadan gülə-gülə telefonda danışmağa başladı.
* * *
Beş nəfərdən ibarət istehkamçı qrupun üç üzvü əllərindəki cihazlarla yaşıllıq ərazini yoxlayır, qalan iki nəfəri onların yaxınlığında gözləyirdi. Birdən qazon ortüyünün üstündə gəzdirilən cihazlardan biri qırıq-qırıq siqnallar verməyə başladı. Dərhal yaxınlaşan iki istehkamçı köməkləşib ehtiyatla kökləri artıq torpağa işləmiş qazonu qaldırdılar. Onlardan biri qrupun rəhbəri idi. Orada qoyulmuş, sellofana bükülmüş partlayıcını görən qrup rəhbəri əlində cihaz olan əməkdaşlarına «davam edin» işarəsi verdi. Sonra dizlərini yerə qoyub partlayıcını zərərsizləşdirmək üçün ehtiyatla sellofan torbanı kəsməyə başladı. Qazon örtüyü sulanarkən nəm çəkməməsi üçün partlayıcı maddə sellofana bükülmüş, yalnız üst örtüyü alüminiumdan olan detonatoru çöldə saxlanılmış, torpaq lazım olan qədər qazılaraq oraya basdırılmışdı. Bir azdan ikinci cihaz da siqnallar verməyə başladı. İkinci əməkdaşı tez oraya göndərən qrup rəhbəri ehtiyatla detonatoru gövdədən ayırmağa başladı. Bunu edib qurtaranda sürətlə ikinci əməkdaşın olduğu yerə yaxınlaşdı. Burada da eyni üsulla qoyulmuş, detonator qoşulmuş trotil partlayıcısının olduğunu gördü. Birlikdə təxminən üç kiloqram çəkidə olan bu partlayıcını da qazon örtüyünün altından çıxarıb onun da detonatorunu ehtiyatla ayırdılar. Hər iki detonator məsafədən idarə olunan, dəhşətli partlayış gücünə malik olan trotillərə impuls vermək üçün nəzərdə tutulan ən müasir detonatorlar idi. Bundan başqa, partlayıcılar hərəsi bir qüllənin yaxınlığında yerləşdirilməklə partlayışın təsiri qüllələrin əsas dayaq sütunlarına istiqamətləndirilmiş idi. Bunu təcrübəli istehkamçılar dərhal başa düşdülər. Cihazlarla yaşıllığın qalan hissəsini gəzib yoxlayan üç əməkdaş dayanmadan işlərinə davam edirdilər. Qrup rəhbəri köməkçisi ilə birlikdə partlayıcıları xüsusi çantalara, detonatorları isə siqnal dalğalarını keçirməyən materialdan hazırlanmış qutuya yerləşdirib onların daha nə aşkar edəcəklərini gözləyirdilər. Yaşıllıq ərazinin böyük olması onların işini çətinləşdirirdi.
* * *
İvan Andreyeviç Nikolayevə aid sənədləri təqdim etmiş çəlikli adamın Alov Qüllələri istiqamətində hərəkət etməsi barədə onu yoxlayan patrul qrupu öz rəhbərliyinə məlumat vermiş, həmin məlumatı alan polkovnik Vəliyev pusquda duran əməkdaşlarına «tam hazırlıq» komandası vermişdi. Vəziyyət kritik həddə çatmışdı. Bu məlumatı aldıqdan sonra polkovnik Vəliyev istehkamçı qrupdan bir xəbər çıxmadığını görüb özü qrupun rəhbərinə zəng vurdu.
-Vəziyyət necədir?
-İki partlayıcı aşkar edib zərərsizləşdirmişik. Detonatorları məsafədən idarə olunandır. Ərazi böyükdür. Tam yoxlamamış qəti nəsə deyə bilmərəm. Ona görə də işimizin yekunlaşmasını gözləyirəm.
-Onları hansı məsafədən işə salmaq olar?
-İki yüz metrdən başlayaraq.
-Tələsin! Vaxt məhduddur.
Xətti kəsən Vəliyev bir qədər fikrə getdi. Solomin yaxınlaşmaqda idi. Onu elə indi, gəldiyi yolda götürmək olardı. Ancaq bu halda partlayıcıları işə salacaq qurğunu aşkar etməmək ehtimalı var idi. Həmin kiçik həcmli cihaz haradasa yaxınlıqda, qüllələrdən iki yüz metr radiusda onun üçün əvvəlcədən gizlədilmiş ola bilərdi. Elə indi onun gəldiyi Qüllələrə aparan yolun istənilən yerində də onu gizlədə bilərdilər. Üzü yuxarı qalxan yolun sağ tərəfi daşla hörülmüş hündür istinad divarı, divarın arxası isə zeytun ağacları və dekorativ kollar əkilmiş yaşıllıq ərazi idi. Polkovnik daldalandığı yerdən boylanıb Qüllələrdən yolun iki yüz metrlik məsafədə olan hissəsini gözəyarı ölçdü. Solominin onun gözü ilə təyin etdiyi nöqtəyə çatması artıq təhlükə idi. O risk edirdi, ancaq bu, özünü doğruldan risk idi. Hər şey onun və əməkdaşlarının nəzarətində olduğu üçün bir qədər də gözləyib istehkamçıların daha nə aşkar edəcəklərini gözləməyi qərara aldı. Elə bu zaman uzaqdan əlindəki çəliyə söykənərək axsaya-axsaya gələn adam göründü. Adamın olduğu yerdən təyin etdiyi nöqtəyə qədər təxminən beş yüz metr məsafə olardı.
* * *
Ərazinin çox hissəsi demək olar ki, yoxlanılmışdı. Sonuncu on beş kvadrat metr yaşıllıq sahə qalmışdı. Üç tərəfdən oranı yoxlamağa başlayan əməkdaşların əllərindəki cihazlar qəfildən eyni vaxtda siqnal verməyə başladı. Dönüb qrup rəhbəri ilə baxışan minaaxtaranlar cəld kənara çəkilib yerlərini ona verdilər. Qalın ot örtüyünü az qala zorla torpaqdan ayıran qrup rəhbəri və köməkçisi buradakı partlayıcıya iki detonator qoşulduğunu gördülər. Onları gövdədən ayırmaq üçün iki dəfə çox vaxt tələb olunurdu.
* * *
İrəlidəki yolayrıcından dönüb yenidən öz zolağımıza qayıdan yol polisinin ardınca mən də dönmə işığını yandırıb eyni manevri etdim. Daha əks istiqamətdə getmirdik. Sürəti artırmaq olardı. Ancaq heç yüz metr getməmiş irəlidə bir-biri ilə toqquşmuş iki maşının yolun düz ortasında qalıb hərəkəti iflic etdiyini gördük. Əcəb yerdə axşamladıq. Yenə də səkiyə dırmaşmalı olacaqdım, başqa çarə yox idi. Əlimlə mənə kömək etmiş uşaqlara təşəkkür edib «Niva»nı yenidən səkiyə dırmaşdırdm. Əks yola çıxmağımla qarşıdan gələn sürücülər işıq və səs siqnalları ilə mənə işarə verməyə, bəziləri isə hədələməyə başladılar. Yəqin ki, məni avtoxuliqan hesab edirdilər. Onlara əhəmiyyət verməyib qəza baş verən yeri keçib yenidən səkini aşaraq öz yoluma qayıtdım. Bu dəfə bunu ehtiyatsız etdiyimdən maşının altını əməlli başlı vurdum. Ancaq indi bunu fikirləşməyin vaxtı deyildi. Lazım olan yerə çatana qədər maşını qovub çatmağa az qalmış sürəti azaltdım. Bundan o tərəfə diqqəti özümə çəkə bilməzdim. Əgər «Koramal» buralardadırsa, getdiyi istiqamətə sürətlə gedən maşın onu duyuq sala bilərdi.
“Ədəbiyyat və incəsənət”
(27.03.2024)