“İrs/Erbe” jurnalının alman dilində çap edilmiş yeni nömrəsi bu dəfə də bir çox mühüm və maraqlı mövzuları əhatə edir, bununla belə Qarabağ bu buraxılışın əsas mövzusudur.
AzərTAC xəbər verir ki, baş redaktor Musa Mərcanlı “Təcavüz hüquqi vəzifə kimi” adlı giriş məqaləsində SSRİ-nin dağılma ərəfəsində başlanan yeni Qarabağ münaqişəsi zamanı erməni təcavüzkarlığı nəticəsində təkcə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) deyil, həmçinin onun ətrafındakı yeddi bölgənin, ümumilikdə Azərbaycanın ərazisinin 20 faizinin işğal edildiyini bir daha alman oxucularının nəzərinə çatdırır. Mərcanlı qeyd edir ki, Azərbaycanın 30 ilə yaxın davam etmiş işğala son qoyan qələbəsindən sonra, 10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiyanın birgə imzaladıqları razılaşma münaqişəyə son qoyulacağını, bölgədə bərpa işlərinin aparılacağını və uzunmüddətli sülhün bərqərar olacağını vəd edir. Buna baxmayaraq, Ermənistan tərəfindən Azərbaycanla sərhəddə və Qarabağda silahlı təxribatlar hələ də davam etməkdədir. Bunun səbəbini izah etmək istərkən Mərcanlı həm də moskvalı politoloq, professor Oleg Kuznetsovun jurnalın bu buraxılışında çap edilmiş bir məqaləsinə istinad edir. Bu məqalədə Kuznetsov belə bir fikri əsaslandırır ki, Ermənistanın Azərbaycana qarşı olan təcavüzü Ermənistanın hələ sovet dövrünün sonunda qəbul etmiş olduğu bir sıra hüquq sənədləri ilə bağlıdır. İlk növbədə, söhbət 1989-cu ildə Ermənistan və keçmiş DQMV Ali Sovetlərinin Ermənistanla keçmiş Dağlıq Qarabağ muxtar vilayətinin birləşməsi haqqında bütün beynəlxalq hüquq və öhdəliklərə zidd olaraq birlikdə qəbul etmiş olduqları qətnamədən gedir. Bu iddia həm də Ermənistanın 1990-cı ildə elan etdiyi müstəqillik haqqında bəyannaməsində yer almış və sonradan hətta konstitusiyaya daxil edilmişdir. Nə qədər ki, Ermənistan konstitusiyasını dəyişməyib, müstəqillik bəyannaməsindəki həmin bəndi ləğv etməyib, Ermənistanın Azərbaycana qarşı təcavüzü davam edəcəkdir.
Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun “Qarabağın azad edilməsi Azərbaycan mədəniyyətini yenidən birləşdirir” başlıqlı məqaləsində Qarabağın keçmişindən, buradakı qədim alban xristian mədəniyyətinə aid abidələrdən bəhs etdikdən sonra diyarın yeni tarixindən söz açır: Pənahəli xanın əsasını qoyduğu Qarabağ xanlığının, saldırmış olduğu Şuşa şəhərinin, Qarabağda həmin dövrdə tikilmiş tarixi abidələrin, burada yaranmış mədəniyyət, ədəbiyyat və musiqi nümunələrinin Azərbaycan mədəniyyətində tutduqları yerin əhəmiyyətini qeyd edir. 30 illik erməni işğalı dövründə dağıdılmış mədəniyyət abidələrinin bərpası, xüsusilə də bu ilin may ayında azad edilmiş Şuşada yenidən “Xarıbülbül” musiqi festivalının keçirilməsi hər şeydən əvvəl bunu göstərir: Qarabağın azad edilməsi ilə Azərbaycanın bu qədim diyarına mədəniyyət yenidən qayıdır, Azərbaycanın ərazisi kimi mədəniyyəti də birləşir, bütövləşir. Bunun sayəsində də Azərbaycan müstəqilliyini əldə etdikdən sonra ilk dəfə olaraq dünyaya öz mədəniyyətini bütövlükdə təqdim etmək imkanı qazanır.
Potsdam universitetinin professoru Fuhrmanın mərhum akademik Çingiz Qacar ilə birgə yazmış olduğu Nizami Gəncəviyə həsr edilmiş “880 ildən bəri canlıdır” məqaləsi bir daha böyük Azərbaycan şairi və mütəfəkkirinin həyatı, əsərləri və ölməz ideyaları haqqında məlumatları alman dilində oxucuların diqqətinə çatdırır.
“İrs/Erbe” jurnalının sonuncu buraxılışındakı digər məqalələr 44 günlük müharibə zamanı Azərbaycan şəhərlərinin dinc əhalisinin, yaşayış binalarının ermənilər tərəfindən raket zərbələrinə məruz qalmasına, azad edilmiş Qarabağda və ətraf bölgələrdə minaların təmizlənməsinə, aparılan quruculuq işlərinə, Füzulidə yeni hava limanının, Ağdam ətrafında “ağıllı kəndlərin” tikilməsinə həsr olunmuşdur.