Dəyərli oxucularımız. “Mütaliə saatı” rubrikasında “Ədəbiyyat və incəsənət” sizlər üçün yeni romanın yayımlanmasına başlayır: Fəxrəddin Qasımoğlu, “İkibaşlı əjdaha”!
«Son gecə» və «On ikiyə işləmiş» adlı iki biri-birindən maraqlı romanlarla debüt edən yazıçının hər iki romanı portalımızda dərc edilib. Əminik ki, Fəxrəddin Qasımoğlunun “İkibaşlı əjdaha”sını da bəyənəcəksiniz.
Qəbrin yanındakı skamyaya oturan kimi Stepandan zəng gəldi.
-Hər vaxtın xeyir, Baxa.
-Salam, dostum.
-Bilmirəm bunu niyə soruşurdun, ancaq ehtimalın bu dəfə də özünü doğrultdu. Solomin uşaqlıqdan rəssamlıq dərnəyinə gedibmiş. Əməkdaşımın görüşdüyü müəllimi onun həddən çox istedadlı uşaq olduğunu deyib.
-Belə başa düşdüm ki, Solomin əyri yola düşməklə gələcəkdə adının dünya şöhrətli rəssamlarla bir sırada çəkilməsi xoşbəxtliyindən özünü məhrum edib,-ehtimalımın təsdiqlənməsi bir qədər kefimi açdı. De görüm, başqa nə öyrənmisən?
-Bir qədər əvvəl Mahirlə danışdım. Onları özü sənə deyər. Mənsə Solomindən deyəcəyəm. Onun yatdığı kameranın divarları başdan-ayağa şəkillərlə doludur. Qaldığı evdəki telefon kitabçasında isə üçgümbəzli kilsə şəkli çəkildiyini aşkar etdik. Kilsənin üstündə, səmada isə günəş şəkli çəkilib. Ekspertlər şəklin Solominin o evdə qaldığı dövrdə çəkildiyini deyirlər.
-Üçgümbəzli?
-Bəli, məhz, iki yox, üçgümbəzli.
Stepan sualımla nəyə işarə vurduğumu göydə tutdu. Bu çox maraqlı idi.
-O şəkli çəkib mənə at.
-Yaxşı.
-Başqa nəsə var, dostum?
-Əməkdaşım onun müəllimi ilə xeyli söhbət edib. Yaşlı müəllim istedadına görə Solomini yaxşı xatırlayırmış. Hətta onun çəkdiyi bir şəkli də saxlayıb. O deyib ki, Solomin məktəb vaxtı əsasən həyatında baş verən hadisələrlə bağlı şəkillər çəkməyi sevirmiş. Ad günlərindəki yığıncaqlara, ona verilən hədiyyələrə, məktəbdəki əlamətdar günlərə aid çoxlu şəkillər çəkirmiş. Bu şəkillərdəki şənlik, yaxud tədbir iştirakçılarının hamısının simalarını olduğu kimi çəkib sonra onlardan hansınasa bağışlayırmış. Əsil fotoşəkil kimi. Hətta bu şəkillərdə simalarını olduğu kimi görən sinif yoldaşları şəkillərin üstündə dava da salırmışlar. Deyəcəklərim bu qədər, Baxa. Sən Mahirlə danış. Onda da burada müəyyən etdiyimiz maraqlı bir məlumat var. İndi isə, işim çoxdur. Hələlik.
-Sağ ol, dostum.
Telefonu cibimə qoyub Stepanın dediklərini təhlil etmək istəyirdim ki, tanış ekspertin yaxınlaşdığını gördüm.
* * *
Havanın qaralmasına az qalırdı. Qrim əşyalarını gizlətdiyi yerdən götürüb güzgünün qarşısına keçdi. Tam qrimlənib sonuncu dəfə güzgüdə özünə baxdı. Sonra onun üçün hazırlanmış sənədləri cibinə qoyub dəhlizə keçdi. Xüsusi altlıqlı ayaqqabıları geyinib çəliyini götürdü və mənzili tərk etdi.
Təxminən qırx dəqiqədən sonra ona lazım olan ünvanın qarşısında idi. Başını qaldırıb ikimərtəbəli evin eyvanına sancılmış bayrağa baxdıqdan sonra qapının zəngini basıb gözlədi. Bir azdan qapının dalından gələn səs soruşdu:
-Kimdir?
-İki gün əvvəl vədələşdiyiniz adamdır.
Tanış parolu eşidən adam cəld qapını açıb onu içəri buraxdı. Qapını arxasınca bağlayan ev sahibi yaşına uyğun olmayan sürətlə ikinci mərtəbəyə qalxıb əlində tutduğu çəliklə geri qayıtdı. Əlindəki çəliyi alıb gətirdiyini ona uzatdı. Çəliklər eyni çəliklər idi. Tək fərqləri ev sahibinin gətirdiyi çəliyin o birisindən xeyli ağır olması idi. Bunu ikinci çəliyi əlinə alan kimi hiss etdi.
Verilmiş tapşırığı yerinə yetirmiş ev sahibi qapını açıb kənara çəkildi və onun çıxmasını gözlədi. Heç bir söz demədən qapıdan çıxan qonaq çəliyinə dayaq verib axsaya-axsaya uzaqlaşdı. Onun arxasınca qapını örtən ev sahibi dərindən nəfəs alıb divara söykəndi.
* * *
Göstərdiyim yerlərdəki əl və ayaq izlərini götürən kriminalist zabit məni evin yaxınlığında düşürüb çıxıb getmişdi. Onun gətirdiyi sudan içib susuzluğumu yatırsam da, birdən-birə möhkəm acdığımı hiss etdim. Stepan Mahirə hansısa məlumatı verdiyini demişdi. Ağlıma bir fikir gəldi. Telefonu çıxarıb Mahiri yığdım.
-Eşidirəm, Bəxtiyar.
Ona gözləmədiyi bir sual verdim.
-Düzünü de, qardaş, bu gün nəsə yemisən?
Sualımdan duruxan kolleqam az keçmədən nə demək istədiymi başa düşüb ucadan güldü.
-Düzünü deyim ki, yox.
-Onda belə edək. Mən tədarük görüm. Sən də bir azdan bizə gəl. Həm yemək yeyərik, həm də son öyrəndiklərimizi müzakirə edərik. Səhv etmirəmsə, sənin də mənə deyəcəklərin var.
-Var, yəqin Stepan deyib. Çox maraqlı bir detal çıxıb ortaya. Ancaq gəlməyim belə tez alınmayacaq. Saat səkkizdə əməliyyat müşavirəsi var. Oradan çıxıb gələrəm.
-Danışdıq.
Xətti kəsib yaxınlıqdakı mağazaya tərəf getdim. Təbii ki, hazır yeməklər alacaqdım. Mahirin bir qədər gec gəlməsi elə yerinə düşdü. Həm tələsmədən bazarlıq edər, həm də evə gedib bir qədər dincələrdim. Qəbirlərin arasında saatlarla dövrə vurmağım məni yormuşdu.
* * *
Axsaya-axsaya pəlləkənləri qalxıb bloka girdi. Liftin düyməsini basıb gözlədi. Səssiz gələn liftlə beşinci mərtəbəyə qalxdı. Mənzilin açarını çıxarıb qapını açdı. Yenə ayaqları ağrıyırdı. Bu lənətə gəlmiş ayaqqabılara heç cürə uyğunlaşa bilmirdi. Dəhlizdə ilk növbədə onu bezdirmiş ayaqqabılardan azad olub otağa keçdi. Güzgünün qarşısında ehtiyatla qrimini çıxarıb əvvəlki yerində gizlətdi. Əynini dəyişib yüngül idman paltarı geyindikdən sonra hamamxanaya keçib əl-üzünü yudu. Otağa qayıdıb divana oturdu. Ayaqları zoqquldayırdı. Ancaq buna çox da əhəmiyyət vermədi. Əhvalı yaxşı idi. Gözlədiyi gün yaxınlaşmışdı. Onu nə həyatına son qoyacağı insanların taleyi, nə onların yaxınlarının göz yaşları maraqlandırmırdı. İşini görəndən sonra verilmiş təlimat üzrə müəyyən olunmuş koridorla bu ölkəni birdəfəlik tərk edəcək, sonra isə aldığı külli miqdarda pulla sevgilisi ilə birlikdə çoxdan arzuladığı həyata qovuşacaqdı.
Əlini uzadıb gələrkən divana söykədiyi çəliyi götürdü. Sol əlində tutduğu çəliyi sağ əli ilə sevgilisini sığallayırmış kimi sığalladı. Onun üçün bütün dünya yalnız dəlilər kimi sevdiyi qadınının ətrafında fırlanırdı.
* * *
Dincələcəyəm deyəndə yalnız Mahir gələnəcən divanda uzanacağımı nəzərdə tuturdum. Adətən araşdırmalarda yorğunluq hiss etmirdim. Ancaq qəbiristanlıqda keçirdiyim dörd saat nədənsə məni bərk yormuşdu. Nə vaxtsa nənəmin dedikləri yadıma düşdü: Nənəm qəbiristanlıqda çox qalmağı məsləhət görmürdü, deyirdi ki, oradakı ruhlar adamın enerjisini çəkir. Bilmirəm belədir ya yox, hər halda mən möhkəm yorulduğumu hiss edirdim. Ancaq bu yalnız fiziki yorğunluq idi. Beynim isə uzandığım yerdə sürətlə işləyirdi, həm özüm aşkar etdiyim faktları, həm də Stepanın verdiyi son məlumatları bir ipə düzürdüm. Etdiyim təhlillər əsasında gəldiyim qənaətlər çox ümidverici idi. Əlbəttə bu hələ Solominin yerini müəyyən etməyim demək deyildi. Ancaq buna aparan yolda idim və ona çox yaxınlaşdığımı hiss edirdim. Qənaətlərimi yemək əsnasında Mahirlə bölüşəcəkdim. Bu peşəkar polkovnikin fikirləri mənim üçün çox maraqlı idi. Saat 10-a az qalsa da, hələ də kolleqamdan bir xəbər yox idi. Yəqin müşavirə uzun çəkmişdi.
İnternetə girib orada da bəzi araşdırmalar apardıqdan sonra ayağa qalxıb süfrəni hazırlamağa başladım. Düz saat 10-da zəng vuran Mahir həyət qapısının qarşısında olduğunu dedi. Çıxıb onu qarşıladım. Evə keçib əllərini yuduqdan sonra süfrəyə oturan qonağım müşavirənin gec bitdiyini deyib üzrxahlıq etdi. Möhkəm acsam da, aldıqlarımdan heç nəyə toxunmayıb Mahiri gözləmişdim. Çaydanı qaynamağa qoyub mən də süfrəyə oturdum və birlikdə yeməyə başladıq. Çaydan qaynamağa başlayanda artıq yeyib doymuşduq. Əslində yemək əsnasında söhbət edəcəyimizi düşünmüşdüm. Ancaq ikimiz də elə acmışdıq ki, bir kəlmə də kəsmədən şam etdik. Çayı dəmə qoyub süfrəni yığışdırdım. Bir azdan çayları süzüb masaya oturdum. İndi başlamaq olardı. Qaynar çaydan bir qurtum vuran qonağım stəkanı yerinə qoyub yarızarafat dedi:
-Hə, səndən başlayaq. De görüm saatlarla o qəbiristanlıqda neyləyirdin?
Mahirin kefi heç də pis görünmürdü. Deyəsən, o da öz xətti ilə bir çox şeyləri aydınlaşdıra bilmişdi. Onun tonuna uyğun cavab verdim:
-Heç soruşma, qardaş. Düz üç saat saat ruhlarla təmasda oldum. Ancaq biri də insafa gəlib Tərxan öldürülən gecə gördüklərini demədilər. Məcbur olub sənin ekspertinə müraciət etməli oldum, bir saat da o gələndən sonra oturub gözlədim. Yeri gəlmişkən, hələ bir nəticə yoxdur ki?
-Mənzillə bağlı var, deyəcəm. Qəbiristanlıqdakı izləri isə hələ araşdırır. Cavablar hazır olan kimi mənə zəng edəcək.
-Onda qulaq as, deyim orada nə edirdim. Meyit tapılandan sonra rayon polis idarəsinin əməkdaşları hadisə yerini təbii ki, müayinə ediblər. Ancaq mənim öz metodlarım var, bilirsən. Ona görə də həmin əraziyə gec də olsa, özüm baxmaq istədim. Bildiyin kimi, qəbiristanlığı ot basıb, daha doğrusu, o otlar da artıq saralıb. Torpağı isə tapdalanmaqdan daşlaşıb. Uzun müddət də yağıntı olmadığı üçün oradakı mənə lazım olan bir neçə ayaq izini tapana qədər xeyli əziyyət çəkdim. Ayaq izlərini tapmazdan əvvəl ehtimal olunan qatilin gizləndiyi yeri müəyyən etməliydim ki, sonra həmin istiqamətdən məlum qəbirə gələn və qayıdan izlərə baxım. Bu, asan olmadı. Səkkiz belə qəbir var idi ki, qatil onlardan hər birinin arxasında gizlənib Tərxanın gəlməsini gözləyər, sonra ona yaxınlaşa bilərdi. Təbii ki, o, Tərxanın tək gəldiyinə, onu heç kimin izləmədiyinə, həm də ətrafda heç kimin, məsələn, qəbiristanlıq gözətçisinin olmadığına əmin olduqdan sonra gizləndiyi yerdən çıxıb ona yaxınlaşmalı idi. Bu dediklərimdən, üstəlik də dəqiq endirilmiş bir bıçaq zərbəsi ilə adamı öldürməsindən qatilin belə işlərdə təcrübəli biri olduğu bilinirdi. Seçdiyim qəbirlərdən iri mərmər başdaşı olan bir qəbir daha çox diqqətimi çəkdi. Onun toz basmış sinə daşının üstündə bu yaxında kiminsə oturduğu aydın görünürdü. Belə bir izi də gecə vaxtı gəlmiş, qaranlıqda qəbrin tozlu olduğunu bilməyib oturan adam qoya bilərdi. Bundan sonra hasarlanmış məlum qəbrin girişində tapdığım ayaq izinə oxşar izi iki qəbirin arasındakı cığırda əks istiqamətdə də tapdım. Əgər izlər qatilə aiddirsə, o zaman o həmin cığırla gəlib işini görüb geri qayıdıb. Təbii ki, işini gördükdən sonra geriyə, gizləndiyi qəbrin yanına qayıtmağın bir mənası yox idi. Deməli, qəbiristanlığı da o istiqamətdən tərk edib. Həmin istiqamətdəki yeganə, nisbətən enli yolun sonunda, hasarın dibində də əvvəlki izlərə oxşar iki iz tapdım. Bir müşahidəmi də bölüşüm, sonra yenə izlərə qayıdaq. Sən də bilirsən ki, həbsxanalarda məhbuslar arasında qətllər əksər hallarda ucu olduqca iti, neştər kimi olan bizdən istifadə etməklə törədilir. Belə hallarda bizin də yüz faiz ölümə zəmanət verən, ürəyə sol qolun altından, iki qabırğanın arasından vurulduğunu bilirsən. Əgər ehtimal etsək ki, qatil də Tərxan kimi keçmiş məhbusdur, təbii ki, o, alət kimi bizdən istifadə edib diqqəti öz keçmiş məhkumluğuna yönəltməzdi. Çünki qoyub getdiyi meyitin gec-tez tapılacağını bilirdi. Ona görə də bıçaqdan istifadə edib. Ancaq yenə də işini zəmanətə almaq üçün bıçağı dediyim yerdən, iki qabırğanın arasından çox dəqiqliklə vurub. Bu həm də onun ilk dəfə adam öldürmədiyinə dəlalət edir. Ancaq nə qədər təcrübəli olsa da, qatil iki səhv buraxıb. Birincisi tozlu qəbrin üstündə oturmaqla, ikincisi zərbəni sırf həbsxana qaydalarına uyğun endirməklə. Birinci səhv kəşfiyyat tərəfindən hazırlanmış birinin heç bir halda buraxmayacağı səhvdir. İkinci səhv isə, qatilin kəşfiyyat orqanı tərəfindən hazırlanmış biri yox, keçmiş məhbus olduğu barədə fikirlərimi bir qədər də möhkəmlədən faktordur. Bunları müəyyən edəndən sonra sənə zəng vurub eksperti göndərməni istədim. Göstərdiyim yerlərdən götürdüyü əl izlərini dərhal Nazirliyin kartotekasındakı izlərlə müqayisə etməsini xahiş etdim. Əgər ehtimal etdiyim kimi, qatil aşarkən hasarda, oturarkən isə qəbrin mərmərində hansısa kiçik bir iz qoyubsa, o zaman o izlər onun keçmiş məhbus kimi mərkəzi bazada saxlanılan əl-barmaq izləri ilə üst-üstə düşəcək. Belə olan halda Tərxanın qatilinin, ən əsası da izinə düşdüyümüz cinayətkar qrupun üzvlərindən birinin kimliyini biləcəyik. Onu götürməklə dəstənin digər üzvlərini də müəyyən etmək olar. O ki qaldı, oradakı ayaq izlərinə, əgər axmaqlıq edib həmin ayaqqabıları tullamayıbsa, bu istintaq işində onun qəbiristanlıqda olduğunun əlavə bir sübutu olacaq.
Bir qədər ara verib davam etdim:
“Ədəbiyyat və incəsənət”
(12.03.2024)