Azərbaycan şairəsinin heykəlinə qarşı törədilmiş vandalizm aktı haqqında eşitdim. XIX əsr Azərbaycan poeziyasının əsas simalarından olan, “Gül dəftəri” – illüstrasiyalı şeirlər albomu” UNESCO-nun Dünya Yaddaşı Beynəlxalq Reyestrinə salınmış Qarabağ xanının nəvəsi Xurşidbanu Natəvanın heykəlinin Evian-Le Bəndə vandalizm aktına məruz qalması hər kəsi şoka salır.
Bu fikirləri Fransanın Konyak şəhərinin sabiq meri Mişel Qurənşa AzərTAC-a müsahibəsində deyib. Bildirib ki, XIX əsrdə Şərqdə qadın azadlığına bu qədər töhfə verən bir azərbaycanlı şairənin heykəlinə qarşı belə vandalizm aktın əks-təsiri olacaq. Bunu törədənlər bunu dərk etməlidirlər.
“Bu çox mənfi bir hərəkətdir. Vandalizm hər hansı bir fikri müdafiə etməyə töhfə verə bilməz. Mədəni irs abidələri, eləcə də mənşəyindən asılı olmayaraq, cəmiyyətinə töhfə vermiş şəxsiyyətlərin heykəlinə qarşı törədilən vandalizm aktı bağışlanmazdır”, - deyə sabiq mer bildirib.
Qeyd edib ki, kiminsə etirazı və ya narazılığı varsa, bu, hər hansı bir abidənin üzərində ifadə edilə bilməz. Mədəniyyəti siyasətlə qarışdırmaq olmaz. Mədəniyyətin inkişafına töhfə vermiş şəxsiyyətlərin heykəlləri, əsərləri xalqlar arasında körpüdür. Bu körpünü möhkəmləndirmək lazımdır. Yazıçılar, şairlər tariximiz, mədəni irsimizin tərkib hissəsidir. Onlar qorumaq və nəsildən-nəslə ötürmək hər birimizin borcudur.
“Ədəbiyyat və incəsənət”
(12.01.2024)