Daycest bölümündə “Ədəbiyyat və incəsənət” portalı bu gün oxucularına Karvannews.com saytında dərc edilən Oğuz Ayvazın Murad Muradovla müsahibəsini təqdim edir. Oxucuları gənc yazıçıların, şairlərin yaradıcılıq, ədəbiyyat, poeziya, sənət haqda düşüncələri ilə tanış edən saytın qonağı Qubada yaşayan istedadlı gənc yazardır.
- Səhv etmirəmsə bu, sənin ilk müsahibəndir. İndiyə kimi müsahibə alan olmayıb, yoxsa özün istəməmisən?
- Buna görə sənə təşəkkür edirəm. Müsahibə vermək, açığı, həyəcan yaratdı. 15 illdən çoxdur ki, jurnalist faliyyətim olub. Daima mən müsahibə almışam. Nə vaxtsa müsahibə verəcəyim ağlıma gəlməzdi.
- Elə isə oxuculara özün haqqında məlumat ver...
- 36 yaşım var. Neçə illərdi ki, televiziya sahəsində çalışıram. İndi də aparıcı olaraq bu işlə məşğulam. Ara-sıra yerli KİV-də hekayələrim çap olunur. Lirik, psixoloji dram janrında “Bal köpüyü” adlı bir kitabım çap olunub. Həmin kitab Təbrizdə farscaya tərcümə də olunub. İranda, Türkiyədə hekayələrim işıq üzü görüb. Hədəfim Avropadı. Bunun üçün gecə-gündüz çalışıram. Bölgədə sənətin təbliği ilə məşğulam.
- Klassik sualla söhbətimizə davam edək, ədəbiyyata marağın necə yarandı?
- Boş vaxt tapan kimi mütaliə edirəm. Kitablar gözümün işığıdır. Təkcə mobil telefonumda minə yaxın pdf formatında kitab var. Televiziya sahəsindən bəhs edən mütəmadi yazılarım olur. Fikirləşdim ki, o yazıları ədəbiyyata çevirim və bu, deyilənlərə görə, məndə alındı. Azərbaycan ədəbiyyatında sözünü demiş insanlardan müsbət qiymət aldım. Bu, həm məni sevindirdi, həm də qorxutdu. İstəmirəm o insanları yanıldam.
- Kimdi o insanlar?
- Adları çəksəm siyahı uzun olacaq. Zəhmətlərini əsla unutmaram. O insanların adlarını ölkəyə ən ali ədəbi mükafatlardan birini gətirəndə təqdimat nitqimdə çəkəcəm (gülür).
- Uilyam Somerset Moem deyirdi ki, həyat roman yazmaq üçün bir fürsətdir, adamlarsa hazır obraz. Adamlara hazır obraz kimi baxa bilirsənmi?
- Xəyalımda cürbəcür hazır insan obrazları var və bu obrazlar hər gün daha da çoxalır...
- “Bal köpüyü” adlı ilk kitabından danışdın. Niyə Azərbaycanda yox Təbrizdə nəşr olundu? Özü də kitab güneyli oxucular üçün əski əlifbada çap olunub. Kitab haqda məlumat verərsənmi?
- İlk işim idi. Azərbaycanda da nəşr edildi və yaxşı da satıldı. O kitabın satışından qazandığım ilk pulun çekini indi də saxlayıram. Amma istəmirəm o kitabla tanınım. Hər gün bu işin dərinliklərinə getdikcə, nələrsə öyrəndikcə ilk işimin zəifliyini hiss edirəm. Onu da deyim ki, ilk işim olsa da bəzi mənəm-mənəm deyən yazıçıların kitablarından güclüdür, 500 tirajla çap etmişdim, satıldı, oxundu. Sosial şəbəkə profilimdə tanımadığım oxucuların kitab haqqında fikirlərini paylaşmışam. Kiməsə maraqlı olsa araşdıra bilər. O kitab mənim üçün ilk həvəs, ilk təcrübədi. İlk göz ağrısı, ədəbiyyata gəliş üçün motivasiyadır.
- Sənin “Ağ və qara göyərçinlər” hekayənin motivləri əsasında film çəkilirdi. Filmin axırı necə oldu?
- Beynəlxalq Fəcr film festivalında nümayiş olunacaq. Əlavə açıqlama vermək iznim yoxdu. 2022-ci ildə bu şad xəbəri elə ilk sizin saytla bölüşəcəm. O komandaya sizin vasitənizlə burdan bir daha uğurlar arzulayıram. Dostlarımız həqiqətən nəsə etmək istəyirlər. Ölkə adına, bayraq adına bu işdə mənim də qatqım olarsa, nə xoş mənə.
- Murad, sən həmçinin jurnalistika sahəsindəsən. Uzun illər televiziyada çalışmışsan, aparıcılıq etmisən. Televiziya sənin yaradıcılığına necə təsir göstərir?
- Yazı baxımından çox pis. Televiziya dili başqadı. Çalışıram bundan qurtulam. Bunu mənə yazdığım hekayəni redaktə edən dostlar da deyir. Yazımın təsirində olub bəzən mən də sezə bilmirəm. Sağ olsunlar, ilkolaraq oxumaqlarını, fikir bildirmələrini istədiyim dostar bunu görüb, mənə deyirlər.
- Qubada yaşayırsan. Əyalətdə ədəbi mühit, ədəbiyyat işləri necədir? Şimal zonasında səni yazıçı kimi, yoxsa aparıcı kimi daha çox tanıyırlar?
- Əyalətdə ədəbi mühit istədiyim kimi deyil. Açıq deyəcəm, fikrim yanlış anlaşılmasın. Şəxsimə əyalət ədəbiyyatçılarından daha çox paytaxtda yaşayanlar dəstək olur. Əyalətdə yaşayanların da zəhmətini əsla unutmaram. Amma tərəzi misalı desək, Bakı daha üstündür. Tanınmağa gəldikdə isə 50-50-yə, kimə necə doğma gəlirəmsə, elə tanıyır.
- Tanınmış şair Ramiz Qusarçaylı ilə münasibətin varmı?
- Ramiz Qusarçaylı ən sevdiyim, şəxsiyyətinə böyük hörmət bəslədiyim, mənə dəstək olan insanlardan biridir.
- Səncə, Şimal zonasının ən böyük sənətkarı kimdir?
- Mən (gülür). “General olmaq istəməyən əsgər, əsgər deyil” - Napoleon Bonopard demişdi. Təbii ki, bu bir zarafatdı. Şimal bölgəsindən olan sənətkarlar çoxdu. Azərbaycan mədəniyyətində o insanlar elə bir iz qoyub ki, ora gəlib çıxmaq, oranı fəth etmək mümkün deyil.
- Gənc yazıçılar niyə tənqidi sevmir? Bəlkə özlərində nöqsan və qüsurları görmək istəmirlər?
- Əziz dost, bilirsən necədi? Tənqidi o adam edər ki, özü nəsə ortaya qoyub. Mənim mətnimdə tutduğu səhvləri qəbul edib, həmin adama "yaxşı" deyirəm. Sonra həmin şəxsin yazdıqlarını araşdırıram, özündə də səhvlərin olduğunu görürəm. Tənqiddən qorxmuram, əksinə, bu mənim xeyrimədi. Görə bilmədiklərimi mənə göstərən insanları burdan öpüb, bağrıma basıram. Ancaq gərək ki, dediyim kimi, obyektiv olsun tənqid. Bizdə bu da var, birinə “bir bu hekayəyə bax” deyən kimi dahilik metoduna keçir. Səni ağ yuyub, qara sərir (gülür). Bu isə iş deyil, əziz dost!
- Sonda planların, arzuların nələrdir?
- Ömür vəfa edərsə, ən yaxın zamanda ölkəyə ən ali ədəbiyyat mükafatlarından birini gətirəcəm..
- Nobeli?
- Bəli. Bu yolda qurban da verməyə hazıram. Canımı, göz nurumu, sağlamlığımı. Daha çox mütaliə, daha çox araşdırma, daha çox öyrənmək. Və sadəcə, tarixdə qalmaq