Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyində ərsəyə gətirilmiş “Sazbəndlik sənəti və sazbəndlər” adlı kitabın təqdimatı keçirilib.
İB-nin yaydığı məlumata görə, təqdimat mərasimində universitetin filologiya fakültəsinin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.
ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova aşıq sənətinin və bu sənətə bağlı olan instrumental ifaçılığın inkişafında mühüm rol oynayan sazbəndlik sənətinə və sazbəndlərə həsr olunmuş bu kitabı sazbəndliyin öyrənilməsi və təbliği istiqamətində həyata keçirilən çox mühüm və vacib bir layihə kimi dəyərləndirib.
Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı çıxışında qeyd edib ki, indiyədək sazbəndliklə bağlı nəinki ayrıca kitab, heç bir məqalə də yazılmayıb: “Bu barədə elmi monoqrafiya bir yana dursun, mənzərəni təqdim edən albom səviyyəli tanışlıq kitabı da hazırlanmayıb. Sözügedən istiqamətə Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun ayrıca diqqət yetirmək cəhdini bu mənada xüsusi vurğulamaq və qədirşünaslıq duyğusu ilə dəyərləndirmək lazımdır.
Araşdırma səciyyəsi daşıyan və böyük zəhmət bahasına başa gələn bu əsərdə sazbəndliyin tarixi köklərinə diqqət yetirilməklə bərabər, sazın quruluşu, onun müxtəlif hissələri barədə məlumat çatdırılır, ayrı-ayrı sazbənd emalatxanalarındakı istehsal prosesi maraqlı tərzdə təqdim olunur”.
Filologiya elmləri doktoru, professor Mahmud Allahmanlı, filologiya elmləri namizədi, dosent Qüdrət Umudov və digər çıxış edənlərdə kitabın aşıq sənətinin araşdırıcıları, bütövlükdə folklorşünaslar üçün qiymətli mənbəyə çevriləcəyinə inamlarını ifadə ediblər.
Sonda layihənin həyata keçirilməsinin məqsəd və vəzifələrindən danışan “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyinin sədri, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, kitab iki hissədən ibarətdir. Birinci hissədə mədəniyyətimizin çox mühüm qollarından biri, xalqımızın qədim və ölməz sənəti kimi 2009-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilmiş aşıq sənətinin ayrılmaz tərkib hissəsi olan sazbəndlik bir sənət sahəsi kimi diqqət önünə gətirilir, onun incəlikləri araşdırılır. İkinci hissə isə sazbəndlərə həsr olunub və burada ayrı-ayrı sazbəndlər haqqında qısa tanıtım məlumatı verilir.
Tədbirdə, eyni zamanda, ADPU-nun filologiya fakültəsinin tələbələri sənətlə bağlı şeirlər səsələndiriblər, aşıq İmran Göyçəli isə balabançı Ələkbər Ələkbərovun müşayiəti ilə bir neçə aşıq havası ifa edib.
Xatırladaq ki, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun müəllifi olduğu bu kitabın elmi redaktoru ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova, elmi məsləhətçisi Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, rəyçiləri filologiya üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Elxan Məmmədli və ADPU-nun Ədəbiyyat kafedrasının müdiri, dosent Razim Məmmədlidir.
Kitabdan folklor və musiqi araşdırıcıları, ölkəmizin müvafiq ali məktəblərində aşıq sənəti üzrə təhsil alan bakalavr və magistrlər, tədqiqatçılar istifadə edə bilərlər.
“Ədəbiyyat və incəsənət”
(13.10.2023)