“Nizami Gəncəvinin poetik portreti” və “Nizami Gəncəvinin əsərlərinin el variantları” kitablarının təqdimatı keçirilib


Noyabrın 18-də Azərbaycan Yazıçılar Birliyində Kürdəmir Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə nəşr olunan “Nizami Gəncəvinin poetik portreti” və “Nizami Gəncəvinin əsərlərinin el variantları” kitablarının təqdimatı keçirilib. Tədbirdə Mədəniyyət Nazirliyinin əməkdaşları, tanınmış ədəbiyyat adamları iştirak ediblər.
Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza giriş sözü ilə tədbiri açaraq qonaqları salamlayıb, hər iki kitab haqqında iştirakçılara qısa məlumat verib. Sonra çıxış edən Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid “Nizami Gəncəvi İli”ndə onun yaradıcılığının müxtəlif tərəflərinə yönlənən kitabların nəşr olunmasını önəmli hesab etdiyini bildirib. Hər iki nəşrin layihə rəhbəri və ön sözün müəllifi Kürdəmir Regional Mədəniyyət İdarənin rəisi,  fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Xudanlı çıxışında kitabların əsas məqsədini bildirib, kitabların ərsəyə gəlməsi prosesindən bəhs edib.  
Daha sonra yazıçı Seyran Səxavət, Yazıçılar Birliyi sədrinin müşaviri yazıçı-dramaturq Elçin Hüseynbəyli, Ədəbiyyat İnstitutun icracı direktoru, dosent Mehman Həsənli, Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin aparıcı məsləhətçisi Xəyal Məmmədov, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, professor Cavanşir Yusifli, “kulis.az” mədəniyyət portalının baş redaktoru Ulucay Akif çıxış edərək kitablar haqqında fikirlərini bölüşüblər.  
Sonda çıxış edən AYB rəsmisi Fərid Hüseyn “Nizami Gəncəvinin əsərlərinin el variantları”nın və Ramil Əhməd isə “Nizami Gəncəvinin poetik portreti” kitabının tərtibi, redaktəsi prosesindən danışıblar.
Qeyd edək ki, “Nizami Gəncəvinin poetik portreti” kitabının müəllifi AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, professor Cavanşir Yusifli, kitabın tərtibçisi və redaktoru yazar, ədəbiyyatşünas Ramil Əhməddir.
Kitab XX-XXI əsrlərdə Nizami Gəncəviyə ithaf olunan şeirləri üzə çıxarmaq məqsədi ilə tərtib olunmuşdur. İthaf şeirlər müəlliflərin ayrı-ayrı kitablarından, qəzet və jurnalların səhifələrindən toplanaraq ilk dəfə sistemli bir şəkildə təqdim edilir. Ölümündən əsrlər sonra belə Nizaminin çağdaş şairlərə təsir etməsi, “Xəmsə”sinin ilham qaynağı olması ədəbi təsir, ədəbi əcdadlıq baxımından çox böyük dəyərləri ifadə etməkdədir. Kitab həm də Nizamiyə şeir ithaf edən şairlərin estetik dünyaları, modern Azərbaycan şairlərinin klassik ədəbi irsə olan münasibətini göstərir.
“Nizami Gəncəvinin əsərlərinin el variantları” kitabında isə Nizami Gəncəvinin əsərlərinin folklorda, nağıllarda, dastanlarda özünə həyat qazanmış süjetləri toplanıb. Kitab bir daha Nizami Gəncəvinin Azərbaycan şairi olduğunu bariz örnəklərlə dünyaya çatdırmaq məqsədi daşıyır. Bu kitab Nizami Gəncəvinin süjetlərinin folklorumuza nə qədər sirayət etdiyini, eyni zamanda dahi ədibin Azərbaycanın el yaddaşından, xalq ədəbiyyatından nə qədər məharətlə yararlandığını bir daha aydınlaşdırır. Kitabda sovet dövründə ayrı-ayrı nəşrlərdə yer alan əsərlər, folklor nümunələri ilk dəfə sistemli şəkildə bir araya toplanmışdır.
Kitabın təqdimat yazısının müəllifi AMEA-nın Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, professor Seyfəddin Rzasoy, redaktoru və tərtibçisi Fərid Hüseyn, məsləhətçisi isə  Ramil Əhməddir.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.