“Şairlər ömürləri boyu şeirə hamilədirlər…” Featured

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

 

“Yeni nəşrlər” rubrikasında sizlərə Arzu xanım Əyyarqızının 22 yaşında işıq üzü görən "Qəlbimin səsi" adlı  kitabından sonra ikinci kitabı olan "Açılsa dünyanın bəsirət gözü" adlı kitabını təqdim edirik və daha sonra Arzu xanımla müsahibəmizi oxuculara təqdim edəcəyik.

“Açılsa dünyanın bəsirət gözü" kitabı şeirlər toplusundan ibarətdir. Kitabdakı hər bir şeir özünəməxsusluğunu qoruyur. Kitabın ön sözünü Zülfi Məcidov (Vellidağ) yazmışdır. “Getmisən" rədifli şeirində əhdindən dönük insanlar tənqid atəşinə tutulur. 

Əyyarqızı şeirlərini belə ifadə edir: 

 

İçimdəki sükutun 

səsidir şeirlərim.

Qəlbimin ritm səsi,

Pəqsidir şeirlərim.

 

Xüsusən sevdiyim şeirlərindən biri kəlağayıya həsr edilən şeiridir.

 

İpəyinin özəyisən,

Xanımlığın bəzəyisən,

Xatınlığın düzəyisən-

Al bayrağa tay kəlağay.

 

Və sonda kitabın adı ilə bağlı olan şeirdən bir bənd təqdim edərək müsahibəmizə keçid edirik:

 

Haqsızlar haqlının haqqını yeməz, 

Vicdanlar ağrıyar, böhtanı deməz, 

Yalan ayaq tutmaz, nə də yeriməz,

Açılsa dünyanın bəsirət gözü.

 

-Arzu xanım, siz bu gün “Ədəbiyyat və İncəsənət” portalının Yeni nəşrlər rubrikasındasınlz .Yeni kitabınızın nəşri ilə əlaqədar sizi təbrik edirəm. İlk olaraq bizə özünüzü təqdim edərdiniz zəhmət olmasa. Və daha sonra isə sizə “bir şeirinizi seçin və o şeir sizin təqdimatınız olacaq” desək hansı şeirinizi seçib, “bu, məni ifadə edir” deyərdiniz?

 

-Salam əziz və hörmətli Nigar xanım. Əvvəla təşəkkür edirəm sizə bu müsahibə üçün. 

Mən Arzu Əyyarqızı 1990-cı ilin 20 noyabrında Cəlilabad rayonunun Şatırlı kəndidnə anadan olmuş, oranın Araz Qardaşxanov adına tam orta məktəbini bitirmişəm. Məktəbi əla qiymətlərlə bitirdiyimə baxmayaraq istədiyim peşəyə - jurnalistliyə sahib ola bilməmişəm. Hal-hazırda ailəliyəm, 3 övladım var. 

Şeirlərimin hamısı mənə doğmadır, ancaq “Gözlərim” rədifli şeirimdə özümü daha yaxşı ifadə edə bilmişəm.

 

-Yeni kitabınız haqqında özüm başlıqda məlumatlandırmışam oxucuları, lakin bilmək istəyirəm ki, bu kitabın sizin üçün nə kimi yenilikləri oldu?

 

-Yeni kitabımın mənim üçün əhəmiyyəti çox böyük oldu, yeni oxucular qazandım. Yeni insanlar kəşf etdim. Ziyalı auditoriyasında daha hörmətli qarşılandım. Şeirlərimlə insanlara özümü tanıda bildim. Və ən əsası cəmiyyətə bir faydalı töhvə vermiş oldum.

 

-Və bir az fərqli suallara keçid etmək istəyirəm. Həyat bənzərsizdir, hər bir insan övladıda bənzərsizdir. Sizi siz edən, bənzərsiz edən nədir sizcə?

 

-Doğrudur, əzizim. Hər kəsi böyük yaradan bənzərsiz edib. Elə barmaq izlərimiz buna ən sadə sübutdur. Məni bənzərsiz edən isə vicdan rahatlığımı övladıma belə qurban verməməyimdir.

 

-Cavabınız maraqlı oldu! Növbəti suala keçid edək,Arzu xanım. O hansı xəzinədir ki, paylaşdıqca çoxalır, dəyəri artır? Buna həm bir qadın kimi, həm də bir şair kimi cavab vermənizi istəyərdim.

 

-Mənə görə paylaşdıqca artan xəzinə insani keyfiyyətlərdir. İkinci növbədə isə ağıl və elm.

 

-İnsan ən çox nəyi sevir? Öz arzularını ya arzu etməyi?

 

-Xəyal qurmağı. İnsan arzularla yaşayır, bu danılmaz faktdır. Ancaq o, arzulara çatmaq üçün çaba göstərməkdən çox xəyal qurmağı sevir.

 

-Siz ilhamınınızı haradan alırsınız və həftələrlə qarşınızda bir boş səhifənin parladığı  zamanlar  olurmu?

 

-İlham almaq sözünə mən inanmıram. Həyatda etdiyim müşahidələr, rastlaşdığım hadisələrə biganə qala bilməməyim şeirlərimin doğuluşuna səbəbdir. Hər kəsin yerinə özümü qoymağım mənə yeni şeirlər qazandırır. Bəli, günlərlə yazmadığım vaxtlar da olur, o səhifə parlamır, əksinə ömrümün faydasız günü kimi görürəm.

Nigar xanım bir haşiyə də çıxım icazənizlə. 

Şairlər ömürləri boyu şeirə hamilədirlər. Bəzən bir gündə 3 və daha çox şeir doğular. Bəzən də şeir şairi xəstə salar, ta ki, o şeirin bir uşaq kimi dünyaya gəliş saatı, anı, saniyəsi bitənəcən. Bunu da qeyd edim ki, şair hər bir zaman qələm əlində aciz qalmamalıdır.

 

-Ümid edirəm ki,səhifəniz hər zaman həriflərlə dolu olar! Bəs nə zamansa nəsr yazmaq istəmisinizmi? Yaxud, uşaq ədəbiyyatına müraciət edərək uşaqlar üçün şeir kitabı, yaxud nəsrdən ibarət kitab çıxarmaq fikriniz olubmu?

 

-Gözəl sualdır. Bəli, uşaq vaxtı kiçik nəsrlər yazmışam. Məktəb illərimdə. Köhnəlmiş, saralmış dəftərlərdə durur. Bəlkə bir gün nəsr kitabı da çıxardım. Təmsilləri də sevirəm. Uşaq ədəbiyyatı haqqında olan sualınızı isə belə cavablandırmaq istərdim: uşaqlar dünyanın mələkləridir, əlbəttə, bir gün onlara da bir xatirəm olacaq.

 

-Zamana səyahət haqqınız olsa idi, hansı nöqtəni seçib oraya gedərdiniz? Kəşflər əsirinə - gələcəyəmi, yoxsa, tutalım Romayamı - keçmişəmi? Ya tamamilə tarixdən oxuyub maraqlandığınız başqa bir görmək istədiyiniz yer varmı? 

 

-Hər zaman istəmişəm keçmişə səyahət şansım olsun. Teymurləngin qəbrinin açıldığı vaxta getmək istərdim. Çox uzaq vaxta yox.

 

-Maraqlı cavab oldu. Və son iki sualımızı birləşdirərək verirəm. Ən sevdiyiniz şair kimdir? Və hansı şeirdən bir misra götürüb “həyatım şeir olsa, bu misra orada olsun” istəyərdim deyərsiniz?

 

-Çox maraqlı sual oldu. Ən sevdiyim şair Nüsrət Kəsəmənli olub. Onun “Biri vardı, biri yox” şeiri sevdiyim şeirlərdən ən başda olanıdır. Bu misra mənim həyatımı da ifadə edir. Sonda sizə təşəkkür edirəm, uğurlar sizinlə olsun Nigar xanım

 

-Mən də sizə təşəkkür edirəm ,Arzu xanım. Sizinlə müsahibə çox xoş, maraqlı oldu!

 

“Ədəbiyyat və incəsənət”

(18.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.