Görkəmli ictimai və dövlət xadimi Musa Məmmədovun xatirəsinə həsr olunmuş “Sədaqət və saflıq simvolu” kitabının təqdimatı olub.
Kitabın redaktoru, filologiya elmləri doktoru Abid Tahirli, əvvəlcə “Sədaqət və saflıq simvolu”nun yaranması ideyası, onun üzərində apardığı yaradıcılıq işi barədə məlumat verib, sağlığında böyük rəğbət və ehtiram qazanmış ictimai xadimin aqronom, alim, ziyalı və rəhbər kimi müstəsna keyfiyyətləri barədə danışıb.
Çıxış edən iqtisad elmləri namizədi Namiq Murad, Əməkdar kənd təsərrüfatı işçisi İmran Əbilov, ictimai-siyasi xadim, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının sədri Arif Rəhimzadə və başqaları Əməkdar aqronom, iqtisad elmləri doktoru, kənd təsərrüfatı elmləri namizədi, Dövlət mükafatı laureatı Musa Məmmədovun vətəndaş yanğısı, torpağa olan məhəbbətindən çoxlu misallar çəkib və kitabda onun xarakterinin bu keyfiyyətlərinin hərtərəfli əks olunduğunu qeyd ediblər.
Müxtəlif vaxtlarda onunla bir yerdə işləmiş Həmzə Məlikov, Zahid Abbasov, Xəndan Rəcəbli, Alimşah Mirzəyev və başqaları xatirələrini söyləmiş, öz ürək sözlərini ifa ediblər.
Gənc şairə Fatimə Vəfa mərhumun xatirəsinə həsr etdiyi şeirini oxuyub.
Təqdimat mərasimində tibb üzrə fəlsəfə doktoru Günel Məmmədova atasının xatirəsini əziz tutduqları üçün toplaşanlara təşəkkür edib.
Sonda “Sədaqət və saflıq simvolu” kitabı iştirakçılara paylanılıb.
“Ədəbiyyat və incəsənət”
(04.09.2023)