"Mədəniyyət/Culture" jurnalının yeni nömrəsi işıq üzü görüb

Jurnal “Qarabağ Azərbaycandır” rubrikasında “Ədalət naminə. Milli iradəmizin zəfər çaldığı gün” və 1918-ci il Quba soyqırımı haqqında məqalələrlə açılır.

“İstedad sorağında” elan-məqaləsi Uşaq İncəsənət Festivalı haqqında məlumatı ehtiva edir.

 

Görkəmli tədqiqatçı, filologiya üzrə fəlsəfə doktoru Akif Azalpın böyük maraqla qarşılanan “Maddeyi-tarixlər müjdəsi (Yaxud Dədə Qorqudun doğum ili öz dilindən)” yazısı müəllifin “Kəsişən əbcədlər” kəşfinin daha bir uğuru sayıla bilər.

“Ədəbi vicdanın zühuru, əbədi ləyaqətin himni” yazısında görkəmli Xalq şairimiz Cabir Novruz anılır.

“Musiqi” bölümündə “Tədqiqatçı “Qara Kürd” zərb-muğamına yeni həyat verdi” yazısı musiqi tədqiqatçısı Rauf Bəhmənlinin kitabı haqqında geniş məlumatdır.

“Aşiq oldum sehr simli rübabə” yazısı görkəmli xanəndə Rübabə Muradovanın 90 illik yubileyindən gəzişmələrdir.

Birinci Bakı Müasir Musiqi Günləri Festivalı haqqında geniş yazı musiqisevərləri tədbirin gedişi ilə yaxından tanış edir.

İki mühüm tədbir – mədəniyyət Nazirliyinin keçirdiyi Teatr və Kino forumları haqqında yazını bu forumların müfəssəl təhlili hesab etmək olar.

“Rəngkarlıq” bölməsi “Xalq rəssamı Arif Hüseynovun yaradıcılığına qısa səyahət”lə açılıb, “Kətanda bərq vuran günəş işığı” ilə davam edir.

“Anım” bölümündə Mədəniyyət Nazirliyinin əməkdaşı Günay Sabir qızı Əliyevanın işıqlı xatirəsi yad edilir.

“Portret” guşəsində “Azərbaycan kulturologiya elmində tanınmış sima” adlı yazı ilə professor Mübariz Süleymanlının 60, “Hamıya gərəkli insan” oçerki ilə görkəmli bərpaçı memar Tofiq Şəkixanovun 80 illik yubileyləri qeyd olunur.

“Bizə yazırlar” rubrikası “Gələcəyə istiqamət keçmişə nəzərdən başlanır”, “Ədəbiyyatımızın, mədəniyyətimizin təbliğatçısı” və “Memorial komplekslər nə üçün lazımdır” yazıları ilə diqqəti cəlb edir.

Jurnalın “Mədəni irsimiz” qismi istedadlı sənətkar, daş üzərində oyma rəssamı Ədalət Elmanın yaradıcılığından bəhs edən “Daşlar üzərində möcüzə” adlı yazı ilə təmsil olunub.

“Elm” bölməsi yenə də tədqiqatçı və alimlərin elmi axtarışlarının nəticələri ilə zəngindir.

 

“Ədəbiyyat və incəsənət”

(29.08.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.