Azərbaycan və Rusiya pianoçusu, bəstəkarı Riad Məmmədov “Live at The Pushkin Museum” albomunun işıq üzü görməsi münasibətilə xüsusi hazırlanmış yeni konsert proqramı ilə çıxış edib.
AzərTAC xəbər verir ki, konsert Moskvada “Muzeon” parkında təşkil olunub. “For All We Know” (“Bildiyimiz qədər”) adlı konsert proqramında musiqiçinin həm pianoçu, həm bəstəkar kimi axtarışları, eləcə də müxtəlif əsrlərin klassik bəstələrinin günümüzün musiqisində, o cümlədən kinofilmlər üçün musiqidə öz əksini necə tapması barədə düşüncələri ifadə olunub.
Riad Məmmədov konsertin birinci hissəsində İohann Sebastyan Baxın əsərlərini öz transkripsiyasında və bu əsərlərə improvizələri təqdim edib. Daha sonra proqram caz standartlarının ifası ilə davam edib.
Caz standartları, muğam, eləcə də Riad Məmmədovun öz pyesləri bir daha nümayiş etdirib ki, musiqi çox müxtəlif ola bilər, lakin o, həmişə insanları birləşdirir.
Konsert proqramına İohann Sebastyan Bax, Vaqif Mustafazadə, Con Kuts, Riçard Rocers və digər bəstəkarların əsərləri daxil edilib.
“Ədəbiyyat və incəsənət”
(22.08.2023)