Maestro Niyazinin xatirəsi yad olunub

 

Avqustun 2-də məşhur Azərbaycan dirijoru və bəstəkarı, SSRİ Xalq artisti, Azərbaycan və SSRİ dövlət mükafatları laureatı, C.Nehru adına beynəlxalq mükafat laureatı, Hacıbəyovlar nəslinin parlaq nümayəndəsi Maestro Niyazinin vəfatından 39 il ötür.

 

AzərTAC xəbər verir ki, bu münasibətlə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin və onun filialı Niyazinin mənzil-muzeyinin rəhbərliyi və əməkdaşları, tanınmış musiqiçilər, ictimaiyyət nümayəndələri Fəxri xiyabanda Niyazinin məzarını və Bakı şəhərindəki abidəsini ziyarət ediblər. 

Muzeyin kollektivinin hər il sənətkarın doğum və vəfat günlərində xatirəsini yad etdiyi, həmçinin bəstəkarın mənzil-muzeyində onunla bağlı tədbirlərin keçirildiyi haqqında məlumat verilib.

Çıxışlarda görkəmli sənətkarın Azərbaycanın musiqi mədəniyyətinin inkişafındakı xidmətləri vurğulanıb.

Qeyd edilib ki, Niyazi Azərbaycan xalqının milli sərvətidir və onun adı hər zaman böyük ehtiramla anılır. O, nəinki Azərbaycanın, eyni zamanda, bütün türk dünyasının musiqi mədəniyyətinin inkişafında xidmətləri olan şəxsiyyətdir.

Bildirilib ki, Niyazinin yaradıcılığında ona dünya şöhrəti gətirən dirijorluq olub. Lakin o, bəstəkarlıqda da uğur qazanıb. “Rast” simfonik muğamı, “Xosrov və Şirin” operası və “Çitra” baleti Niyazinin bəstəkarlıq fəaliyyətində xüsusi yer tutur. Məşhur hind yazıçısı Rabindranat Taqorun “Çitranqada” fəlsəfi dramı əsasında yazılmış “Çitra” baletinə görə Hindistanın Cəvahirləl Nehru beynəlxalq mükafatını alıb.

Maestro Niyazi bir sıra dövlət mükafatlarına, SSRİ Xalq artisti fəxri adına layiq görülüb, orden və medallarla təltif edilib.

Sonra hər dəfə olduğu kimi, bu dəfə də muzeydə “Açıq qapı” günü təşkil olunub. 

Həmçinin muzeyin Musiqi Həvəskarları Klubunun üzvləri Maestro Niyazinin xatirəsini yad etmək üçün muzeyi ziyarət ediblər.

Qonaqlara Niyazinin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib, onun haqqında müxtəlif illərdə çəkilmiş sənədli filmlər, videokonsertlər, musiqisinin müəllifi olduğu filmlər nümayiş olunub.

 

“Ədəbiyyat və incəsənət”

(02.08.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.