Polşanın Qdınya şəhərində “Globaltika–2023: Qdınya dünya mədəniyyəti” festivalı təşkil olunub.
AzərTAC xəbər verir ki, iyirmiyə yaxın ölkənin təmsil olunduğu festivalda ilk dəfə olaraq Azərbaycan musiqiçiləri də iştirak ediblər.
Əməkdar artistlər Beynəlxalq Muğam Mərkəzinin direktoru, tarzən Sahib Paşazadə və BMM-in solisti, nağaraçı Kamran Kərimov festivalda muğam sənətimizi instrumental ifa ilə layiqincə təmsil etməyə nail olublar. Musiqiçilərimiz festivalın açılışında çıxış etməklə yanaşı, musiqi bayramının ilk konsertini də veriblər.
Qeyd edək ki, Qdınya Beynəlxalq Film Mərkəzində birsaatlıq proqramla çıxış edən təmsilçilərimizin performansı böyük maraq və alqışlarla qarşılanıb. Onların repertuarı Azərbaycan muğam və təsnifləri, həmçinin kompozisiyalardan ibarət olub.
“Ədəbiyyat və incəsənət”
(28.07.2023)