Sadəcə Flora Kərimova... Featured

XALQ ARTİSTİNİN ÖTÜB KEÇƏN NÖVBƏTİ DOĞUM GÜNÜNƏ

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

23 iyul Ağdamın işğalı günü olduğuna görə, düz 28 il doğum gününü ya bir gün əvvəl, ya da ki, bir gün sonra keçirib. Xalqımızın məlum qələbəsindən sonra, nəhayət ki, ad gününü vaxtında qeyd etməyə başlayıb...

 

Deyir ki,- “Mən hədiyyələrə çox biganəyəm. Hədiyyə kimi gül dəstəsini qəbul etmirəm. Çünki gül dəstəsi qadın üçün çox azdır. Qadının ömür boyu yadında qalacaq nələrisə hədiyyə etmək lazımdır. Demirəm, bahalı hədiyyələr olmalıdır, əsas odur ki, yadda qalan olsunlar...” 

 

Heç vaxt əqidəsinə dönük çıxmayıb. Qorxmaz, cəsarətli, sözünü deməyi bacaran adamdır. Elə buna görə də bir vaxtlar onu bəzi telekanallar efirə dəvət etmirdilər. 

““AzTV”, “Space”, “Lider”-də qadağadaydım. Yalnız “ANS” və “Xəzər” TV məni ara-sıra efirə çağırırdı. Yubiley tədbirlərində, hər hansı konsertdə ifam olan zaman isə “ATV” həmin hissəni kəsirdi. Amma mətbuata borcluyam, çünki onlar məni gözdən düşməyə qoymadılar. Mənə insani yanaşdılar, tələsmədilər. Kimlərinsə təsirinə düşüb məni unutmadılar. Xalqım da məndən üz döndərmədi, məni sevdi, qiymətləndirdi...”- söyləyir…

 

Həyat dolu xanımdır, yaşamaq eşqi heç vaxt onu tərk etməyib. Gülümsəməyi xoşlayır, mehribandır. Mürəkkəb vəziyyətlərin həllində asanlıqla təşəbbüskarlıq göstərir. Ən çətin problemləri belə həll edə bilən zəkası var. Qürurlu və inadkardır. Tükənməz enerjiyə malikdir. Bu enerjisi vasitəsilə ətrafında olan insanları oyadır, canlandırır və gücləndirməyə çalışır. Mərd və sədaqətlidir. Sevdiklərini hər zaman qorumağa səy göstərir...

 

Haqqında söhbət açdığım Flora Kərimova 1941-ci ildə, ikinci dünya müharibəsi dövründə Bakıda anadan olub. On dörd yaşından bədii öz fəaliyyət kollektivlərində, Tibb İnstitutunun “Çinar” ansamblında, Dövlət Filarmoniyasında çıxış edib. 1964-ci ildə Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunu, 1971-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu, 1977-ci ildə Bakı Musiqi Akademiyasının vokal sinfini bitirib.

Klassik Avropa operası, milli opera janrı, xalq və bəstəkar mahnılarının, klassik art-estrada janrlarının mükəmməl sənətkarıdır. Azərbaycan klassik art-estrada janrının banisidir. 1992-ci ildə Azərbaycan Respublikasının xalq artisti fəxri adına layiq görülüb...

 

 Onun fəaliyyətini təkcə müğənniliklə məhdudlaşdırmaq olmaz, həm də ictimai-siyasi xadim kimi Vətənə xidmət göstərib. 1988-ci ildə ermənilər Qarabağda Topxana meşəsini məhv edəndə, sonradan torpaq iddiası qaıdıranda Flora xanım “Azadlıq Meydanı”nda etirazını bildirən ilk qadın olub və 1989-1992-ci illər hərəkatının ən fəal aktivistlərindən birinə çevrilib.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə küçələrə çıxaraq öz etirazını cəsarətlə ifadə edib. Həmin vaxt Flarmoniyanın yanında toplaşan kütlənin üzərinə sovet tanklarından biri qəflətən irəliləməyə başlayıb. Bu zaman hər kəs qaçaraq ətrafa səpələnəndə, Flora xanım qollarını açaraq tankin önündə dayanıb və onun bu cəsarətli hərəkəti tankı durmağa məcbur edib...

 

“Şükür Allaha, müharibə qələbəmizlə qurtardı. İndi torpaqlarımız hiyləgər düşmənimizin minalarıyla doludur. Allah hərbiçilərimizi, minaçılarımızı qorusun. İndi çox adam gedir, yarı yoldan qaytarırlar. Bu gedənlərin təhlükəsizliyi üçündür. Çox istəyirdim gedim. Ancaq narahat getmək istəmirdim. Bu, mənim yaşıma yaraşmazdı. Cavanlar səhv edəndə nöqsanı o qədər də çox görünmür. Ancaq mən dünyagörmüş xanımam. Mənim yaşım icazə vermirdi ki, bildiyim bir qaydanı pozum. Utanaram, mənim üçün ayıb olar. Nəhayət qismət oldu və mən Şuşaya gedə bildim...”- söyləyir.

 

İfası ilə insanları düşündürə, sevindirə, kövrəldə bilən, xidmətlərilə yaşamaq haqqını qazanan, bu xanımın qoy bütün arzuları beləcə çin olsun! Çox uzatmayacam, çünki Flora Kərimovanı hamı tanıyır. Söhbətimi elə öz sözlərilə tamamlamaq istəyirəm.

 

Deyir ki,- “Cavanlıqda məndən soruşurdular ki, xoşbəxtəsənmi? Mən "hə" deyirdim. Sonra soruşurdular ki, xoşbəxtliyin düsturunu deyin. Deyirdim, ya xoşbəxtsən, ya da bədbəxt. Bu da olsun xoşbəxtliyin düsturu. İllər keçdi, yaşa dolduqca başa düşdüm ki, övladlarından yarıyan qadın xoşbəxt qadındır. Daha sonra zaman ötdü, düşündüm ki, sənə ağlayan insan varsa, deməli xoşbəxtsən. Yaş keçdikcə, müdrikləşdikcə, özünü tanımağa çalışırsan. Mən səksən ildir özümü tanımağa çalışıram. Xasiyyətimi, kimliyimi bilmək istəyirəm. Həyat elə bir cəlladdır ki, bir də görərsən, başına elə bir iş gəldi, son nəfəsində son sözünü deməyə, əlindən tutmağa yanında adam olmadı. Bunu heç kimə arzulamıram. Bəli, əsl xoşbəxtlik odur ki, nə qədər yaşayırsan yaşa, son anında kimsə sənə yiyə dursun.  

Dünyadan köçəndə mülkündən, övladından nigarançılığın yoxdursa, bu, artıq xoşbəxtlikdir...”

 

Flora xanımın 82 yaşı tamam olub. Ona möhkəm can sağlığı arzulamayıb neyniyək.

 

“Ədəbiyyat və incəsənət”

(27.07.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.