“Ədəbiyyat və incəsənət” portalı Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın tanınmış dombra ifaçısı Arslanbek Sultanbekov ilə, habelə “Dombranın izi ilə” sənədli filminin rejissoru Mehmet Gün ilə görüşdüyü barədə xəbəri Qənirə Paşayevaya yaxın mənbəyə istinadən paylaşır.
Görüşdə Q. Paşayeva Arslanbek Sultanbekov adının, sənətinin Azərbaycanda, ümumən türk dünyasında məşhur olduğunu vurğulayıb, onunla görüşməkdən məmnun olduğunu bildirib. Qənirə xanım söyləyib:
-Qardaş xalqlar arasında ən əsas bağlardan biri məhz mədəniyyət, mədəniyyət xadimləri arasında güclü işbirliyinin olmasından keçir. Sizin kimi məşhur ifaçının bu planda verə biləcəyi töhfələr böyükdür. Çox şadam ki, sizin və qardaş Türkiyənin tanınmış rejissoru Mehmet Günün iştirakıyla dombra ilə bağlı film hazırlanır. Ümidvaram ki, dombra, saz, digər türk musiqi alətlərinin yaranması, ozan-aşıq sənətinin inkişaf yolları timsalında ortaq mədəni irsimizlə bağlı gözəl bir sənət əsəri ərsəyə gələcək.
Komitə sədri hər iki sənətkara xatirə hədiyyələri, o cümlədən Rusiyanın Qaraçay-Çərkəz Respublikasında tikiləcək məscid üçün Türk-İslam motivli rəsm əsəri hədiyyə edib.