44 günlük müharibədə Azərbaycan Ordusunun qazandığı tarixi qələbənin ildönümü qardaş Türkiyədə müxtəlif formalarda qeyd olunmaqdadır.
AzərTAC xəbər verir ki, Türkiyənin ən nüfuzlu musiqi festivallarından olan “Beynəlxalq Şəfiqə Kutluer festivalı”nın açılış konserti də Azərbaycanın 44 günlük Vətən müharibəsindəki Şanlı Zəfərinə həsr edilib. “Azərbaycanın mədəniyyət paytaxtı Şuşa” adlı konsertdə korifey bəstəkarlarımızın əsərləri və xalq mahnıları səslənib.
Tanınmış fleytaçı, UNICEF-in xoşməramlı səfiri Şəfiqə Kutluerin adını daşıyan beynəlxalq musiqi festivalı 12 ildir təşkil edilir.
Ötən il festival çərçivəsində Qarabağ şəhid uşaqlarının xatirəsinə həsr edilən konsert baş tutmuşdu.
Doqquz yaşındaykən işğal zamanı Şuşadan helikopterlə xilas edilən, hazırda Münhen gənclərdən ibarət simfonik orkestrinin baş dirijoru olan Əməkdar artist Fuad İbrahimov bu konsertdə də orkestrə dirijorluq edirdi.
Musiqi korifeylərimiz Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov və Arif Məlikovun ölməz əsərləri, Azərbaycan və Türk xalq mahnılarının mahir ifası tamaşaçılarda unudulmaz təəssüratlar yaradıb.
Xaricdə yaşayan həmyerlimiz Anar İbrahimovun bəstələdiyi “Mənim ürəyim Şuşa” adlı əsər isə xüsusi rəğbətlə qarşılanıb.
Qeyd edək ki, “Beynəlxalq Şəfiqə Kutluer festivalı”nın açılış konserti Azərbaycanın Türkiyədəki səfirliyi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu, TİKA (Türk İşbirliği və Koordinasyon Agentliyi) və digər qurumların dəstəyi ilə keçirilib.
Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri, professor Aygün Attar və görkəmli musiqiçi Şəfiqə Kutluer Zəfər Günü və möhtəşəm konsertlə bağlı fikirlərini tamaşaçılarla bölüşüblər.
Azərbaycanın Şanlı Zəfərinin 1-ci ildönümü münasibətilə qardaş Türkiyədə rəngarəng tədbirlər davam edəcək.