Musiqi Akademiyasının tələbə-müəllim heyəti beynəlxalq festivalda uğurla çıxış edib

Gürcüstanın Gürcü Folkloru və Klassik Musiqi İttifaqının təşkilatçılığı ilə Borjomi şəhərində keçirilən Klassik Musiqi İfaçılarının Beynəlxalq Müsabiqə-Festivalı uğurla başa çatıb.

 

AzərTAC xəbər verir ki, üçüncü dəfə təşkil olunan müsabiqə-festivalın əsas məqsədi müxtəlif ölkələrin milli mədəniyyətlərinin təbliğindən, gənclərin dünya görüşünün və intellektual səviyyələrinin inkişafından, yeni istedadların üzə çıxarılması və gənclər arasında təcrübə mübadiləsindən ibarətdir. 

Azərbaycan, ABŞ, Rusiya, Gürcüstan, Polşa, Qazaxıstan və digər ölkələrdən olan iştirakçıların qatıldığı beynəlxalq “Harmony” müsabiqəsində ölkəmizi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbə-müəllim heyəti müxtəlif nominasiyalar üzrə təmsil edib. 

Nümayəndə heyətinin rəhbəri, eyni zamanda, müsabiqənin münsiflər heyətinin üzvü Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tədris işləri üzrə prorektoru, Əməkdar müəllim, professor Nərminə Quliyeva olub. Onun yüksək peşəkarlıqla apardığı iş fəaliyyətinin nəticəsi olaraq Azərbaycan musiqiçiləri müsabiqədə uğur qazanıblar.

Festival çərçivəsində N.Quliyeva multikulturalizm layihəsi olaraq, Azərbaycan musiqi mədəniyyətinin inkişaf yolundan bəhs edən mühazirə ilə çıxış edib. Həmçinin videoçarx, musiqi nömrələri təqdim olunub. 

Müsabiqə çərçivəsində təşkil olunmuş beynəlxalq festivalda Bakı Musiqi Akademiyasının müəllim-tələbə heyəti - “Fortepiano orqan və klavesin” kafedrasının dosenti Tofiyə Cavadova, baş müəllim Lalə Atakişiyeva, “Simli alətlər” kafedrasının baş müəllimi Pərvanə Xanlarova (konsertmeysteri Nigar Məmmədova), “Sabah” qrupunun xoru (bədii rəhbər Dimitri Babayev) və “Fortepiano” fakültəsinin üçüncü kurs tələbələri Fatimə Hacızadə, İlqarə Talıbova, Fidan Yunus uğurla çıxış edərək, Azərbaycan klassik musiqi mədəniyyətinin incilərini təqdim ediblər.

Müsabiqədə Bakı Musiqi Akademiyasının “Fortepiano” fakültəsinin ikinci kurs tələbəsi Aygül Mahmudova ikinci yerə (müəllim Nilufər Tabasaranskaya), birinci kurs tələbəsi Nuray Əliyeva üçüncü yerə (müəllim professor Kəmalə Neymanova), üçüncü kurs tələbəsi Zərifə Hasilova üçüncü yerə (müəllim professor Afaq Rüstəmova) layiq görülüblər.

Qeyd edək ki, müsabiqə onlayn formatda da keçirilib.

 

“Ədəbiyyat və incəsənət”

(11.07.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.