Bakıda Beynəlxalq Bakı Yay Caz Günləri davam edir. Bakı Yay Caz Günlərinin açılışında Heydər Əliyev Mərkəzinin Auditorium zalında Türkiyənin məşhur gitaraçısı Önder Focan Meltem Ege qrupu Bakı Kamera Orkestrinin müşayiəti ilə çıxış edib.
Daha sonra pianoçu Elçin Şirinov və kvartetinin konserti olub. 4 il ərzində İsrailin tanınmış “Avişai Kohen trio”sunda çalışaraq dünyanın bir çox ölkələrində konsert proqramları ilə çıxış edən Elçin Şirinov israilli musiqiçilərlə doğma şəhərində çılğın və şıltaq caz ritmlərini səsləndirib.
Növbəti gündə Heydər Əliyev Mərkəzində məşhur caz pianoçu Alfredo Rodrigez (Kuba-ABŞ) triosu ilə çıxış edib. Qremmi mükafatı nominantı, məşhur caz pianoçu Alfredo Rodrigez (Kuba-ABŞ) triosu ilə dünya turnesi çərçivəsində cazsevərlər qarşısına çıxıb.
Artıq 5-ci dəfədir ki, təşkil edilən festivalın konsertləri qapalı məkanlarla yanaşı, açıq havada da təqdim edilir. Əvvəlki illərdə olduğu kimi, bu il də caz günlərinin proqramı olduqca zəngindir.
Belə ki, iyulun 5-də pianoçu, aranjimançı, Berkli Musiqi Kollecinin professoru Giorgi Mikadze Heydər Əliyev Mərkəzinin parkında triosu ilə birgə tanınmış gürcü bəstəkarlarının caz improvizasiyalarını ifa edib. Elə həmin gün Azərbaycan cazının banisi olan Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət məktəbinin tələbələri də Heydər Əliyev Mərkəzinin parkına toplaşanlara gözəl caz axşamı bəxş ediblər.
Caz bayramının yekun akkordunu isə bu gün - iyulun 7-də Oleq Lundstrem adına Caz Orkestri vuracaq.
Park ərazisindəki konsertlərə giriş sərbəstdir.
Auditorium zalındakı konsertlərin biletlərini isə şəhərin kassaları və iTicket.az saytından əldə etmək olar.
“Ədəbiyyat və incəsənət”
(07.07.2023)