35 il bundan əvvələ qədər “Bakı Payızı” musiqi istedadlıları müsabiqəsi keçirilirdi. Sonra ənənə pozuldu, festivala xitam verildi. Bu il isə festival yenidən bərpa edildi.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, iyunun son 4 günü ərzində Bakı Musiqi Akademiyasının Opera Studiyasında keçirilən müsabiqədə 45 vokalçı öz istedadını nümayiş etdirmək üçün rəngarəng musiqi nömrələri ilə münsiflər qarşısında çıxış etdi.
“Bakı Payızı” istedadlar müsabiqəsinin budəfəki münsiflər heyətində Xalq artistləri Siyavuş Kərimi, Murad Dadaşov, Əməkdar artistlər Emil Əfrasiyab, Rain Sultanov, Əməkdar incəsənət xadimləri Ülviyyə Könül, Cahangir Səlimxanov, eləcə də bəstəkar İsa Məlikov təmsil olunurdular.
Müsabiqənin ilk turunda Azərbaycan, ikinci turda isə xarici mahnılardan ibarət kompozisiyalar səsləndirildi. Sonra 1 və 2-ci turların qalibləri müəyyənləşdi.
Qeyd edək ki, yay ayları ərzində ümumi qaliblər müəyyənləşdiriləcək və onların adları oktyabrın 2-də keçiriləcək “Bakı Payızı–2023 - 35 il sonra” adlı qala-konsertdə elan olunacaq.
“Ədəbiyyat və incəsənət”
(04.07.2023)