Devid Bouinin nümayəndələri musiqiçinin mahnı kataloqunu 200 milyon dollar dəyərində qiymətləndirərək satışa çıxarmaq qərarına gəliblər.
TASS agentliyi xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.
Məlumatda bildirilib ki, danışıqlar yekunlaşmaq üzrədir və nəticə yaxın həftələrdə açıqlanacaq.
Müəllif hüququ ilə bağlı mübarizələr fonunda Devid Bouinin mahnı kataloqu bazarda ən çox gözlənilən mahnılardır. Son illərdə onların dəyəri sürətlə artıb. Belə ki, musiqi yayım platformaları köhnə hitlərə yeni həyat bəxş edib. Mahnı kataloquna daxil olan albomlar hələ uzun illər onun sahibinə gəlir gətirəcək. Devid Bouinin mahnıları indiyədək radioda səslənir və reklam çarxlarında istifadə olunur.
Qeyd edək ki, Devid Bouinin “Blackstar” adlı son albomu 2016-cı il yanvarın 8-də, sənətçinin ad günündə işıq üzü görüb. İfaçı iki gündən sonra dünyasını dəyişib.