“Nizami Gəncəvi İli” ilə bağlı tədbirlər planı çərçivəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Təhsil Nazirliyinın dəstəyi ilə keçirdiyi “Nizami romans” respublika müsabiqə-festivalının qalibləri məlum oldu.
“Ədəbiyyat və incəsənət” portalı akademiyaya istinadən bildirir ki, müsabiqəyə 18-35 yaşarası hazırda akademik bəstəkarlıq təhsili alan və ya bəstəkarlıq ixtisası üzrə məzun olan gənc bəstəkarlar qatılmışdı.
Müsabiqə-festivalın bədii rəhbəri Xalq artisti, Üzeyir Hacıbəyli adına BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli idi. Müsabiqədə gənc bəstəkarların yazdıqları yeni əsərlərin seçilməsi üçün Azərbaycanın tanınmış, görkəmli bəstəkarlarından ibarət münsiflər heyəti təşkil olunmuşdu. Müsabiqənin münsiflər heyətinin sədri Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə idi.
Münsiflər heyətinin səsverməsindən sonra l yerə İlahə Qismət İsrafilova, ll yerə Fərid Fətullayev, lll yerə Ülkər Aşurbəyova və Sara Amirian layiq görüldülər. Nigar Süleymanova və Elvin Quliyev isə diplomat adını qazandılar.
Onu da qeyd edək ki, müsabiqə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr olunmuşdu.