Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi Məktəb-studiyasının məzunu, hazırda N.A.Rimski-Korsakov adına Sankt-Peterburq Konservatoriyasının tələbəsi, beynəlxalq müsabiqələr laureatı Teymur Kazımov Sankt-Peterburqun Dövlət Tarix Muzeyində keçirilən “Dobrovidenye” VIII Beynəlxalq Xalq Mahnısı Festivalının açılışında iştirak edib.
AzərTAC xəbər verir ki, tədbirdə Teymur Kazımovun ifasında dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun "Azərbaycan elləri" kompozisiyası səslənib.
Builki festival çərçivəsində, həmçinin üç gün ərzində şəhərin müxtəlif məkanlarında Azərbaycan Çin, Hindistan, Moldova, Rusiya və Belarusdan yüzdən çox yaradıcı kollektivin və ifaçıların iştirak etdiyi konsertlər keçirilib. Sevindirici haldır ki, bu il festivalda həmyerlimiz Teymur Kazımov da uğurla çıxış edib.
Qeyd edək ki, “Dobrovidenye” musiqi festivalı 2016-cı ildən Sankt-Peterburqda keçirilir. Burada Rusiyanın müxtəlif regionlarından, MDB və digər ölkələrdən yaradıcı kollektivlər toplanır. “Dobrovidenye” iştirakçıları mahnılar, rəqslər və rituallardan bəhs edir, xalq musiqisi və rəqs irsinin ən yaxşı nümunələrini nümayiş etdirirlər. Xalq mədəniyyətinin inkişafı, xalqlar arasında dostluğun möhkəmləndirilməsi festivalın əsas məqsədidir.
“Ədəbiyyat və incəsənət”
(13.06.2023)