Tanınmış bəstəkarın müəllif konserti olub

 

Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi, Oqtay Zülfüqarovun oğlu Cahangir Zülfüqarovun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə müəllif konserti olub. Bu barədə Bəstəkarlar İttifaqından bildirilib.

 

Tədbirdə ABİ-nin sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadə səbəbkarın çoxşaxəli yaradıcılığından, müəllimi – Azərbaycanda simfonizmin banisi Cövdət Hacıyev və atası – uşaq musiqisinin klassiki sayılan Oqtay Zülfüqarovun irsinə sadiqliyindən və ehtiramından danışıb. Qırx ildən artıq müddətdə bəstəkarın həyat verdiyi əsərlərin – mahnı, kamera, tamaşalara yazılan musiqilər, opera, fantaziya və digərlərinin uğurlu taleyini, müəllifin özününsə sadə, təvazökar xasiyyətini ayrıca qeyd edib. 

Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova musiqiçilər ailəsinin layiqli təmsilçisi Cahangir Zülfüqarovun sənətinə böyük dəyər verdiyini diqqətə çatdırıb.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Lətifəxanım Əliyeva ABİ-nin dəstəyilə bəstəkara həsr etdiyi yeni nəşr olunmuş broşürdən söhbət açdı. 

Tədbirin bədii hissəsi maraqlı keçib. Fleyta və simfonik orkestr üçün bəstələnmiş “Ümid adası” adlı qravüraları Xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə ifa edən Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin lent yazısı səsləndirilib. Həmin yazıda fleytada solo ifa bəstəkarın qızı, Beynəlxalq müsabiqə laureatı Əminə Zülfüqarovaya məxsusdur. 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və Atatürk Universitetinin professoru, fəlsəfə elmləri doktoru Həqiqət Məhərrəmovanın ifasında “Sarı gəlin”, “Ağ alma” - Piano üçün 2 Fantaziya tamaşaçılara xüsusi zövq verib. 

Azərbaycan Dövlət Uşaq Filarmoniyası “Şəms” Uşaq Xoru kiçik yaş qrupu bədii rəhbər - Əməkdar incəsənət xadimi Dilarə Əliyevanın ümidlərini bir daha doğruldub. “Uşaqlar” (söz: Cəmilə Allahverdiyeva), “Ana” (söz: Kamal Baharlı) və “Gözəl Bakı” (söz: Kamal Baharlı) solistlər - Məryəm Əliyeva və Fidan Bağırovanın ifasında bəyənilib. Yusif Həsənbəylinin sözlərinə yazılmış “Vətən hissi” C.Zülfüqarovun nəvəsi Emili Zəkiyyənin solistliyi, eyni zamanda xorun tərkibində bəstəkarın nəvəsi İnarə Zülfüqarovanın iştirakı ilə alqışlarla qarşılanıb. Azərbaycanda uşaq musiqisinin klassiki Oqtay Zülfüqarovun “Elegiya” əsərinin budəfəki ifasının özəlliyi isə ondan ibarət idi ki, onu ustadın nəticəsi – Əfrasiyab Bədəlbəyli adına 11 illik musiqi məktəbinin VI sinif şagirdi Əfrasiyab Məmmədov (müəllim – Sevil Lazımova) pianoda ifa edib. 

C.Zülfüqarovun uşaqlıq və gənclik dostları Rauf İmanov və Məbud Məhhərəmovun şux xatirələri görüşə rəng qatıb. 

Müəllif fleyta və 2 piano üçün bəstələdiyi “Oazis” əsərini fleytada qızı Əminə Zülfüqarova və nəvəsi Əfrasiyabla birgə pianoda ifa etməklə tədbirin son akkordlarını vurub. 

Sonra Cahangir Zülfüqarov iştirakçılara öz təşəkkürünü bildirib.

Azərbaycan Bəstəkarlar İttifaqının baş məsləhətçisi, musiqişünas Sevda Hüseynovanın aparıcısı olduğu konsert xoş və yaddaqalan təəssüratla başa çatıb.

 

“Ədəbiyyat və incəsənət”

(06.06.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.