İtaliyanın Turin şəhərinin ev sahibliyi ilə gələn ilin mayında keçiriləcək 66-cı “Eurovision” mahnı müsabiqəsində 41 ölkə iştirak edəcək.
AzərTAC xəbər verir ki, Avropa Yayım Birliyi (EBU) və İtaliyanın “Rai” televiziya kanalının təşkilatçılığı ilə keçiriləcək dünyanın ən böyük canlı musiqi tədbirinin yarımfinalları 2022-ci il mayın 10-12-də olacaq. “Eurovision 2022”nin finalı isə mayın 14-də İtaliyanın ən böyük qapalı arenalarından olan “PalaOlimpico”da keçiriləcək.
Builki müsabiqə ilə müqayisədə gələn il iştirakçı ölkələrin sayı 39-dan 41-ə yüksələcək. Həmin 41 ölkənin 36-sı yarımfinallarda yarışacaq. Fransa, Almaniya, İspaniya, Böyük Britaniya və ev sahibi İtaliya isə birbaşa finaldan yarışmaya qoşulacaq.
“Eurovision 2022”də iştirak edəcək ölkələr və yayım hüququna malik televiziya kanalları aşağıdakı kimidir. Azərbaycan (“İctimai TV”), Almaniya (“ARD”/”NDR”), Albaniya (“RTSH”), Avstraliya (“SBS”), Avstriya (“ORF”), Belçika (“RTBF”), Bolqarıstan (“BNT”), Böyük Britaniya (“BBC”), Çexiya (“CT”), Danimarka (“DR”), Estoniya (“ERR”), Finlandiya (“YLE”), Fransa (“FT”), Gürcüstan (“GPB”), Yunanıstan (“ERT”), İslandiya (“RUV”), İrlandiya (“RTE”), İsrail (“KAN”), İtaliya (“Rai”), Kipr (“CyBC”), Latviya (“LTV”), Litva (“LRT”), Malta (“PBS”), Moldova (“TRM”), Monteneqro (“RTCG”), Niderland (“AVROTROS”), Norveç (“NRK”), Polşa (“TVP”), Portuqaliya (“RTP”), Rumıniya (“TVR”), Rusiya (“RTR”), San Marino (“RTV”), Serbiya (“RTS”), Sloveniya (“RTVSLO”), Şimali Makedoniya (“MKRTV”), İspaniya (“TVE”), İsveç (“SVT”), İsveçrə (“SRG SSR”), Xorvatiya (“HRT”), Ukrayna (“UA:PBC”), Ermənistan (“AMPTV”).
Qeyd edək ki, “Eurovision” mahnı müsabiqəsi 31 ildən sonra yenidən İtaliyada keçiriləcək. İtaliya “Zitti e buona” mahnısı ilə 1990-cı ildən bəri ilk dəfə bu il “Eurovision” müsabiqəsinin qalibi olub. İtaliya artıq üçüncü dəfə (1965-ci ildə Neapol, 1991-ci ildə Roma) “Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi edəcək.