Beynəlxalq Muğam Müsabiqəsində iştirak üçün qeydiyyat başa çatıb

 

İyunun 18-dən 25-dək keçiriləcək “Muğam aləmi” VI Beynəlxalq Muğam Festivalı günlərində gerçəkləşəcək muğam müsabiqəsinə beynəlxalq ifaçıların qeydiyyatı başa çatıb. 

 

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə reallaşacaq Beynəlxalq Muğam Festivalının proqramına beynəlxalq muğam müsabiqəsi də daxildir. Müsabiqədə ölkəmizi Milli Muğam Müsabiqəsinin qalibləri - xanəndəlik üzrə birinci yerin sahibi Mirəli Sarızadə, instrumental ifaçılıq kateqoriyasında birinci olan Vaqif Təhməzov təmsil edəcəklər. 

Azərbaycanla yanaşı, müsabiqədə Çin, İran, İsrail, Özbəkistan, Türkiyədən 30-dək nümayəndə yarışacaq. 

Musiqi yarışması iyunun 19-22 tarixlərində keçiriləcək. Festivalın sonuncu günü – iyunun 25-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Muğam aləmi”nin bağlanış mərasimi olacaq. Burada festival çərçivəsində təşkil olunan beynəlxalq muğam müsabiqəsi qaliblərinin mükaftlandırılması keçiriləcək və konsert təqdim ediləcək. 

Qeyd edək ki, “Muğam aləmi” VI Beynəlxalq Muğam Festivalının budəfəki proqramı zənginliyi ilə fərqlənir. Festival çərçivəsində Bakı, Ağcabədi və Şuşa şəhərlərində müxtəlif konsertlər təşkil olunacaq. 

Musiqi bayramına iyunun 18-də Heydər Əliyev Sarayında Xalq artisti Alim Qasımovun, Milli Konservatoriyada Xalq artisti Ənvər Sadıqov və Əməkdar artist Emil Əfrasiyabın konsertləri ilə start veriləcək. 

Bakıdakı konsertlərə biletlər tezliklə iTicket.az saytı və kassalarda satışda olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(22.05.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.