Azərbaycanın ilk qadın pianoçularından biri, muğam variasiyalarını ilk dəfə fortepianoda ifa etmiş Xədicə Qayıbovanın anadan olmasının 130 illiyi münasibətilə Beynəlxalq Muğam Mərkəzində (BMM) unudulmaz pianoçunun xatirəsinə həsr olunmuş musiqi gecəsinin keçirilməsi barədə “Ədəbiyyat və incəsənət” sizlərə məlumat vermişdi.
Tədbirdə piano ifaçısının nakam həyat və yaradıcılığından söz açılmışdı.
Əlavə edək ki, Xədicə Qayıbova Tiflisdə ünlü ruhanilərdən Osman bəy Müftizadənin ailəsində dünyaya gəlib. Şəhərdəki “Müqəddəs Nina” qızlar məktəbində oxuyub, burada mükəmməl musiqi dərsləri də alıb. O həm Şərq, həm də Avropa musiqisinin gözəl bilicisi kimi Azərbaycanın mədəni həyatında fəal iştirak edib. Onun təşəbbüsü ilə “Qısamüddətli Şərq musiqi kursları” təşkil edilib, uşaq xoru yaradılıb. Dövrünün görkəmli sənətkarları ilə çalışaraq Azərbaycan musiqi folklorunun toplanması istiqamətində də səylərini əsirgəməyən Xədicə Qayıbova repressiya qurbanı olub.
Musiqili gecədə pianoçunun həyatından fraqmentlər səsləndirilib. Fortepiano əsərləri ilə yanaşı, həm də muğam və xalq mahnıları ifa olunub. Bu da əbəs deyil. Axı, Xədicə xanım muğam variasiyalarını fortepianoda ilk dəfə ifa edən pianoçularımızdan idi.
Tədbirə Xədicə Qayıbovanın nəticəsi Nuridə Sultanova da qatılmışdı, o, çıxış edərək ulu nənəsinin yubileyinin qeyd edilməsində əməyi keçənlərə və bütün ifaçılara təşəkkürünü bildirdi.
Xatirə gecəsi klassik musiqi və BMM-nin solistlərinin ifasında muğam və xalq mahnılarından ibarət proqramla davam etdi.
Təbii ki, sənət fədailəri unudulmur.
“Ədəbiyyat və incəsənət”
(02.05.2023)