Sazın Ədaləti, kamançanın Habil Əliyevi, tarın Bəhram Mansurovu, gitaranın Rəmişi, qaboyun Kamil Cəlilovu olduğu kimi qarmonun da Avtandil İsrafilovu var idi. Bu qarışıq aprel günlərində Azərbaycan xalqı öz unudulmaz sənətkarını itirdi. Necə deyərlər, dahi sənətkar xalqın kisəsindən getdi.
Biz “Ədəbiyyat və incəsənət” olaraq bu dərin kədər münasibətilə xalqımıza başsağlığı veririk.
RƏSMİ MƏLUMAT
Rəsmi xəbərdə sənətkarın vəfat etməsi xəbəri qısa və sxematikdir:
Tanınmış qarmon ifaçısı, Xalq artisti Aftandil İsrafilov vəfat edib. Bu barədə Mədəniyyət Nazirliyinin rəsmi açıqlaması olub.
A.İsrafilov 1941-ci il yanvarın 24-də Bakı şəhərində anadan olub. İfaçılıq sahəsində öz dəst-xətti olan sənətkar yaratdığı musiqi parçaları ilə milyonların qəlbini fəth edib.
O, dinləyicilərin qəlbində silinməz izlər buraxmış “Zemfira”, “Kəmalə”, “Nazilə”, "Aynurə", "Jalə", "Basqalı" kimi 100-ə qədər musiqi havasının müəllifidir.
Mərhum sənətkar Azərbaycan ifaçılıq məktəbinin inkişafındakı müstəsna xidmətlərinə görə 1998-ci ildə Xalq artisti fəxri adına, 2016-cı ildə “Şöhrət” ordeninə layiq görülüb.
O, 2003-cü ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.
HƏLƏ ÜMİDLİ İDİ
Uzun müddətdir ki, ifaçının efirlərə çıxmaması, mətbuata açıqlama verməsi, eləcə də çox arıqlaması hər kəsin narahatlığına səbəb olmuş, ağır xəstəliyə tutulması ilə bağlı şayiələrin yaranmasına səbəb olmuşdu. Qarmon ifaçısı mediaya açıqlamasında özünü yaxşı hiss etmədiyini, plevrit xəstəliyindən əziyyət çəkdiyini demişdi:
“Hələ ki, özümü yaxşı hiss etmirəm. Plevrit xəstəliyindən əziyyət çəkirəm. Ağciyərim ətrafında su yığılıb və bir ildən çoxdur ki, onun müalicəsi ilə məşğulam. Hazırda ağciyərimə yığılan suyun 80 faizi çəkilib. Qalan 20 faiz də çəkiləndən sonra özümü əvvəlki kimi yaxşı hiss edəcəm”.
Xəstəliyinə görə efirlərə çıxmadığını, mətbuata müsahibə vermədiyini deyən ifaçı xəstəliyin müalicəsi üçün möhlətə ehtiyac olduğunu bildirmişdi: “Özüm efirə çıxmıram, evdə müalicə alıram. Narahat olmayın, çox pis, əlacsız xəstəlik deyil bu. Sadəcə bunun da müalicəsi üçün möhlətə ehtiyac var. Sağalmağım üçün nə lazımdırsa həyata
keçirilir”.
O həmçinin bildirmişdi ki, səhhətindəki problemlərə baxmayaraq, sevdiyi qarmonundan ayrılmır: “Mən qarmonla yaşayıram, onsuz mənə həyat yoxdur”.
ÜMİD KƏSİLƏNDƏ
İlk dəfəsində hələ ümidli görünən müğənni növbəti dəfə mediaya açıqlama verəndə xeyli bədbin görkəmdə idi.
Xəstəliyinin bir neçə il bundan öncə başladığını deyən ifaçı müalicəyə gec başladığını bildirmişdi:
“4-5 bundan əvvəl xəstəliyin əlamətləri görünməyə başladı, amma o zaman da tam olaraq anlaya bilmədik. Sonra ağciyərimə yığılmış suyu iki dəfə çəkdilər. Amma məlum oldu ki, suyu çəkmək yox, içəridə qurutmaq lazımdır. Bir ildir ki, qurultmaqla məşğulam. Bədənimdə qalan 20 faiz su da tam müalicə olunmalıdır ki, mənim canım da bu xəstəlikdən qurtulsun. Bunu çox istəyirəm”.
Çox təəssüf. İstəyi həyata keçmədi.
USTAD MUSİQİÇİ
Azərbaycan xalqı dünyada tanınmış istedadlı sənət adamları ilə daima qürur duymuşlar. Çünki İstedadlı şəxslərimiz qədim “Odlar Diyarı” adlı Azərbaycanımızı sənət aləminə bəxş etdikləri öz möhtəşəm əsərləri ilə dünya miqyasında tanıtmışlar. Belə istedadlı Vətən oğullarından biri də 80 yaşını haqlamış “Şöhrət” ordenli, Azərbaycanın Xalq Artisti görkəmli qarmon ifaçısı Aftandil Bəy İsrafilov idi. Bəy sözü Avtandil İsrafilova çox yaraşır. Çünki qarmon adlı nökərin 70 ildir Azərbaycan mədəniyyətində ağası, bəyi, şahı, sultanı o olmuşdu.
Çox təəssüf ki, onu itirdik.
Allah rəhmət eləsin.
“Ədəbiyyat və incəsənət”
(01.05.2023)