Bu gün Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə bütün ölkə üzrə keçirilən Milli Muğam müsabiqəsinin ikinci turu keçiriləcək. Dünən birinci tura yekun vurulub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycan Milli Konservatoriyasında düzənlən birinci seçim turlarının dünənki -
növbəti mərhələsində əvvəlcə instrumental ifaçılıq üzrə dinləmələr keçirilib. Sözügedən kateqoriya üzrə 8 nəfər ifaçı səhnəyə çıxıb.
Səhnəyə dəvət olunan müsabiqə iştirakçıları Bayraməli Əliyev, Çingiz Əliyev, Samir Əsədli, Aişə Əmrahova, Hüseynağa Səmədov, Soltan Nadirov, Vaqif Təhməzov və Solmaz Rəhimovanın ifaları dinlənilib. Ümumilikdə ifaçılara 2 saat 30 dəqiqə vaxt ayrılıb.
Onları münsiflər heyətinin sədri, Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi, Xalq artistləri Fəxrəddin Dadaşov, Möhlət Müslümov, Əməkdar artistlər Şirzad Fətəliyev, Çinarə Heydərova qiymətləndiriblər.
İnstrumental ifaçılıq kateqoriyası üzrə dinləmələrdən sonra günün ikinci yarısında xanəndəlik kateqoriyası üzrə dinləmələrə başlanılacaq.
Turun ikinci günündə 8-i instrumental ifaçılıq, 10 –u isə xanəndəlik üzrə olmaqla 18 ifaçı səhnəyə çıxıb.
Qeyd edək ki, müsabiqənin ilk günündə 9-u instrumental, 10 –u isə xanəndəlik üzrə olmaqla 19 iştirakçı dinlənilib.
Qeyd edək ki, Milli Muğam Müsabiqəsi xanəndə və instrumental ifaçılıq kateqoriyaları üzrə keçirilir. Musiqi yarışmasına yaşı 18-dən 35-dək olan xanəndə və instrumental ifaçılar müraciət edib. Müraciət etmiş şəxslərin ilkin seçim turlarından sonra müsabiqəyə 38 nəfər vəsiqə qazanıb. 38 iştirakçıdan 20-si xanəndəlik, 18-i isə instrumental ifaçılıq üzrə yarışır. Aprelin 30-da müsabiqənin yekun konserti olacaq. Xanəndə və instrumental kateqoriyalarında 1, 2 və 3-cü yerin hər bir qalibi müvafiq olaraq 7 000, 5 000 və 3 000 AZN mükafat qazanacaq.
Milli Muğam Müsabiqəsinin qalibləri-xanəndə və instrumental ifa üzrə birinci yeri tutan iştirakçılar ölkəmizi “Muğam aləmi” 6-cı Beynəlxalq Muğam Festivalında təmsil edəcəklər.
“Ədəbiyyat və incəsənət”
(26.04.2023)