İlk pianoçu xanım Xədicə Qayıbovanın xatirəsi anılacaq

Mayın 1-də Beynəlxalq Muğam Mərkəzində muğam variasiyalarını ilk dəfə fortepianoda ifa edən azərbaycanlı ilk pianoçu xanım Xədicə Qayıbovanın 130 illiyinə həsr edilmiş xatirə gecəsi təşkil olunacaq.

 

Xatirə gecəsində tarzən, Əməkdar artist Sahib Paşazadənin müşayiətilə musiqi solistlərinin ifasında yerli və xarici bəstəkarların musiqiləri səsləndiriləcək. 

Qeyd edək ki, Xədicə Qayıbova (1893-1928) Azərbaycanın ilk qadın pianoçularından biri olub. Ailənin altıncı övladı olan Xədicə Qayıbova Tiflisdə ünlü ruhanilərdən Osman bəy Müftizadənin ailəsində dünyaya gəlib. X.Qayıbova ilk təhsilini “Müqəddəs Nina” Qızlar Məktəbində alıb. 1911-ci ildə dərslərini və musiqini mükəmməl öyrənən Xədicə “Qızıl xaç nişanı” ilə orta təhsilini başa vurub. Onun təşəbbüsü ilə “Qısamüddətli Şərq musiqi kursları” təşkil edilib, uşaq xoru yaradılıb və birbaşa onun iştirakı ilə azərbaycanlı qadınlar üçün “Musiqi-dram” studiyası yaradılıb. O, həm Şərq, həm də Avropa musiqisinin gözəl bilicisi kimi respublikanın mədəni həyatında fəal iştirak edib. Dövrünün görkəmli sənətkarları ilə çalışaraq Azərbaycan musiqi folklorunun toplanması istiqamətində öz səylərini əsirgəməyib.

 

“Ədəbiyyat və incəsənət”

(18.04.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.