Ramiz Hacı oğlu Mustafayev 1926-cı il oktyabr ayının 16-da Türkmənistan Respublikasının Cərcou şəhərində anadan olub. Bir il sonra ailəsi Bakıya köçüb. Uşaq yaşlarından teatra böyük həvəs göstərən Ramiz Mustafayev 15 yaşına qədər müxtəlif özfəaliyyət dram dərnəklərində fəal iştirak edib. 1941-ci ildə Bakı teatr texnikumunun aktyorluq şöbəsinə daxil olub, əvvəl Gənc Tamaşaçılar Teatrında, texnikumu bitirdikdən sonra isə Azərbaycan Dövlət Akademik Dram Teatrında aktyorluq edib. Vokal sənətinə olan həvəsi onu 1948-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına gətirib, burada professor Bülbülün vokal sinfində sənətin sirlərinə yiyələnib. Ardınca bəstəkarlığın da sirlərinə yiyələnib. Seçimi elə bəstəkarlıq olaraq da qalıb. 50 ildən artıq yaradıcılığı dövründə bəstəkar musiqinin müxtəlif janrlarında dəyərli əsərlər yaradıb. O, 6 opera, 5 musiqili komediya, 9 oratoriya, 7 kantata, 5 vokal-simfonik poema, 8 simfoniya yazıb, 500-ə qədər mahnı və romansların, 200-dən artıq xalq mahnılarının xor üçün işləmələrinin müəllifi olub. Bəstəkarın ən uğurlu səhnə əsəri Səməd Vurğunun eyniadlı dramı əsasında yazılmış “Vaqif” operası sayılır. Bu operaya görə bəstəkar 1962-ci ildə Gənc Bəstəkarların Ümumittifaq Müsabiqəsində laureat adını qazanıb.
Görkəmli bəstəkarın yaradıcılığı dövlət tərəfindən yüksək qiymətləndirilib, o, 1973-cü ildə Azərbaycanın “Əməkdar incəsənət xadimi”, 1987-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb. 2001-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub. Ramiz Mustafayev 2008-ci il aprel ayının 10-da Bakı şəhərində vəfat edib. Ruhu şad olsun!