Ankarada 37-ci Beynəlxalq Musiqi Festivalı keçirilib

 

Ankarada “CSO ADA Ankara”nın böyük səhnəsində 37-ci Beynəlxalq Musiqi Festivalı keçirilib. 

 

AzərTAC  xəbər verir ki, Türkiyənin paytaxtının ən mötəbər festivallarından birinin açılış günüdə Azərbaycan Respublikasının Əməkdar Artisti Fuad İbrahimovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri iştirak edib. 

Bu Festivalın ilk konsertinin məhz Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin iştirakı ilə gerçəklənməsi çox sevindirici, eyni zamanda qürurvericidir. Bu layihənin həyata keçirilməsində uzun illər klassik musiqini həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda təbliğ edən “Premier LTD” konsert agentliyinin rəhbəri Nəzakət Qasımovanın böyük xidmətləri var. Konsert proqramında tanınmış solistlər – Azərbaycanın Respublikasının Xalq artisti Murad Adıgözəlzadə (fortepiano) və Əməkdar artist Elvin Xoca Qəniyev (skripka) öz ifalarını təqdim ediblər.

Proqramda Ferit Tüzünün “Çayda çıra”, Fikrət Əmirovun violin, piano və orkestr üçün Konserti və Antonin Dvorjakın 9 nömrəli “Yeni dünyadan” Simfoniyası səslənib. Bu əsərlərdən əlavə ilk hissənin sonunda Corc Villiamsın “Schindler`s list” kinofilminə yazılmış musiqisi ifa olunub. İfa Türkiyədə zəlzələ zamanı həyatlarını itirmiş insanların xatirəsinə həsr edilib. Konsert “Türk marşı” ilə tamamlanıb.

Festivalın açılış günüdə qonaq qismində Türkiyənin 10-cu prezidenti Əhməd Necdət Sezər, məşhur türk pianoçusu Gülsin Onay, dünyaşöhrətli dirijor Erol Erdinç və digər tanınmış simalar iştirak ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(07.04.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.