Bəstəkar Georgi Liçeli Bakıda çıxış edəcək

Aprelin 28-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdindəki Opera Studiyasında bəstəkar Georgi Liçeli simfonik orkestrin müşayiəti ilə çıxış edəcək. 

 

Müasir bəstəkar Georgi Liçelinin simfonik şousu - səs, işıq, emosiya və canlı səsin vibrasiyası dinləyicinin bütün hissiyyat orqanlarına təsir göstərir. Onun hər bir kompozisiyası bütöv bir hekayətdir. Simfonik orkestr, virtuoz dirijor və royal arxasında bəstəkarın özünün əyləşməsi tamaşaçıları saat yarım ərzində necə deyərlər, hər şeyi unutmağa məcbur edəcək, onları hisslər və emosiyalar aləminə aparacaq. 

1982-ci ildə Tbilisidə musiqiçilər ailəsində anadan olmuş Georgi Liçeli hələ uşaq yaşlarında konsertlərdə səs rejissorunun köməkçisi kimi çalışırdı. Musiqi məktəbini fərqlənmə ilə bitirəndən sonra orkestrdə skripka çalıb. 2004-cü ildə Liçeli öz melodiyalarını yaratmağı sınaqdan keçirib. On ildən sonra isə simfonik orkestrin müşayiəti ilə öz kompozisiyalarını lentə yazdırıb. Elə həmin il bacısı ilə ayrı düşməsinə görə dərin kədərin təsirindən yaranmış “Bacı” adlı kompozisiyasını tamaşaçılara təqdim edib. 

2020-ci ildə Georgi Liçelinin “Ritorika” adlı ilk neoklassik albomu rəqəmsal məkanlarda bütün dünyaya təqdim edilib. Musiqiçilər mühitində və kino sənayesi işçiləri arasında Georgi Liçelini yeni ulduz adlandırırlar. Onun “Epika” adlı ikinci albomu kinofilmlərə saundtreklər janrında yaranıb.

 

“Ədəbiyyat və incəsənət”

(30.03.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.