Bildiyimiz kimi Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2023-cü il "Heydər Əliyev İli" elan edilib. 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, yaradıcı gənc Aysel Kərim də bu ilə öz töfhəsini verərək "Türkün dədəsi Heydər" adlı bəstəsini təqdim edir. İthaf əsərin ifası əməkdar artist Mətanət İsgəndərliyə, qiraəti Nürəddin Mehdixanlıya, söz və musiqisi Aysel Kərimə məxsusdur.
Müəllif keçirdiyi hissləri portalımıza bu cür ifadə edib: “Dahi şəxsiyyətə həsr etdiyim bu əsər onun vətən üçün fədakar fəaliyyətinə, mədəniyyət qarşısında tarixi xidmətlərinə dərin ehtiramım və həmçinin vətəndaş olaraq mənəvi borcum idi. Əsərin ərsəyə gəlməsinin "Bahar bayramı"na təsadüf etməyi olduqca yerinə düşdü. Belə ki, Heydər Əliyevin gəlişi bu dövlətin yazına-baharına, çiçəklənməyinə səbəb olmuşdu. Ruhu şad olsun. Azərbaycan gənci olaraq onu daima Heydər baba kimi xatırlayıram."
Qeyd edək ki, Aysel Kərim Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Bəstəkarlar İttifaqının və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. İki dəfə Prezident təqaüdçüsü və Gənclər Mükafatçısıdır.
“Ədəbiyyat və incəsənət”
(28.03.2023)