Onun ruhlara sığal çəkən bəstələri maraqlıdır… Featured

“Ədəbiyyat və incəsənət” portalı Elman Eldaroğlunun tanınmış bəstəkarımız Vaqif Gərayzadənin doğum gününə ithaf etdiyi yazısını təqdim edir. 

 

Musiqi ilahi möcüzədir. Bu möcüzə, ruhu göyərçin kimi qanadlandırıb səmaya qaldıra bilir, xəyalən keçmişə, yaddaşında iz buraxan xatirələrə uçurdur...

Deyilənlərə görə, Qafqazın böyük KİŞİərindən biri Şeyx Şamil İslam qaydalarına əsaslanıb musiqini şeytan əməli kimi qadağan etmişdi. Cəza tədbiri olaraq kimsənin musiqi səsləndirdiyi məlum olarsa, ona yetmiş dəfə çubuq vurulmasını da tapşırmışdı. Bir gün evə dönərkən anasının mahnı oxuduğunu görür. Ayaqları əsir, dili topuq vurur. Əmr edir ki, anasının əvəzinə ona mərhəmət göstərilmədən yetmiş dəfə çubuq vurulsun. Bəli, amansızcasına vururlar da. Amma MUSİQİ o qədər ölməzdir ki, qüdrətindən asılı olmayaraq, kimsə ona qadağa qoya bilmədi. Musiqi yaşayıb, bu gün də yaşayır…

Haradan yadıma düşdü bu olay, bilmirəm. Amma onu yaxşı bilirəm ki, bu dünyada Vaqif Gərayzadə adında bir bəstəkar var. Onun nə danışdığı, nə düşündüyü mənim üçün maraqlı deyil, onun ruhlara sığal çəkən bəstələri maraqlıdır. Ola bilsin ki, dediklərini özündən öncə bir başqa cür deyənlər də olub. Axı əlahəzrət SÖZün yaşı Vaqif Gərayzadədən çox böyükdür. Lakin bəstələdiyi musiqidə keçmişin izi, gələcəyin sorağı var. Yəni ki, bir başqa ahəngdir, yeni səsdir...

Biz Üzeyir Hacıbəylini görməmişik, amma ona ehtiramımız sonsuzdur. Onu bizə sevdirən şəxsiyyətindən çox yaratdıqları olub. Vaqif Gərayzadə də yaradıb, mənəviyyat nümunəsi, musiqi əsərləri təqdim edib. Dinləmişik, ruhumuzu oxşayıb. Ruhları oxşadıqca da sevilib...

27 mart baharın yeddinci günüdür. Təbiətin qış yuxusundan oyanıb, tumurcuqladığı dövr. Bu tarixdə çox böyük insanlar dünyaya gəlib. Xəlifə Harun ər-Rəşid də bu günün dünyaya bəxş etdiyi hədiyyəsi idi. Onun dönəmində İslam xilafəti hərbi, siyasi, mədəni və elmi baxımdan sürətli inkişaf etmişdi. Yüz illərdir ki, əlahəzrət Zaman onu unutdura bilmir. Bəli, Vaqif Gərayzadə də martın 27-də anadan olub. Tumurcuqların budaqlardan ürkək-ürkək boylandığı vaxtlarda…

 Deyirlər ki, dünya dağılanda İsrafil surunu çalacaq. Kim bilir, bəlkə də İsrafilin ifa edəcəyi musiqi Vaqif Gərayzadədən olacaq…

62 yaşın mübarək!

Çox yaşa!

 

“Ədəbiyyat və incəsənət”

(28.03.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.