Müharibə aparan Rusiyanın mədəniyyət həyatı öz axarını saxlamaqdadır.
Azərbaycanın incəsənət ustaları Rusiyanın Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində keçirilən 41-ci Şalyapin Beynəlxalq Opera Festivalında iştirak ediblər.
Biilki festivalın xüsusi özəlliyi onun dahi rus opera müğənnisi Şalyapinin 150 ilik yubileyinə həsr olunmasıdır.
Bununla əlaqədar Kazana İtaliya, Azərbaycan, Gürcüstan, Belarus və Rusiyanın aparıcı opera teatrlarından müğənni və dirijorlar dəvət olunmuşlar. Festival Coakkino Rossininin “Sevilya bərbəri” operasının premyerası ilə açılıb. Doqquz operadan ibarət böyük festival proqramında Azərbaycandan olan musiqiçilərə xüsusi yer ayrılmışdır. Festivalda Azərbaycanın Əməkdar artisti Azər Zadə italyan bəstəkarı C.Puççininin “Madam Batterflyay” operasında Pinkerton partiyasını canlandırıb. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub Quliyev festivalda C.Verdinin “Nabukko” operasının tamaşasını idarə edib.
Fevralın 27-28-də festivalın qala-konsertində isə Rusiya Böyük Teatrının solistləri, Azərbaycanın Xalq artistləri Elçin Əzizov və Dinara Əliyevanın, həmçinin Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq artisti Əli Əsgərovun çıxışı gözlənilir.
Qeyd edək ki, festival məşhur rus opera müğənnisi Fyodor Şalyapinin xatirəsinə 1982-ci ildə təsis olunub. Əvvəlcə yerli, 1985-ci ildən Ümumrusiya miqyasında keçirilən festival 1991-ci ildə beynəlxalq status alıb.
“Ədəbiyyat və incəsənət”
(16.02.2023)