Fevralın 25-də Xalq artisti, “Şöhrət”, “İstiqlal” və “Şərəf” ordenli ustad xanəndə Əlibaba Məmmədovun dünyadan köçməsinin bir ili tamam olacaq. 93 il ömür sürmüş ustad xanəndınin şəxsi əşyaları muzeylərə və Milli Arxiv İdarəsinə təqdim olunub.
“Ədəbiyyat və incəsənət” bu barədə Əlibaba Məmmədovun irsinin araşdırıcısı, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızından məlumat alıb. Musiqişünas bildirib ki, ustad xanəndənin öz vəsiyyətinə uyğun olaraq, şəxsi əşyaları dövlət muzeylərinə ailəsi tərəfindən təqdim edilib.
Bir neçə gün əvvəl Səadət xanım müvafiq təşkilatların nümayəndələri ilə birlikdə sənətkarın evində olub və sənədlər çeşidlənərək aidiyyəti üzrə təhvil verilib.
Sənətkarın əşyaları Dövlət Səs Yazıları Arxivinə, S.Mümtaz adına Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və Azərbaycan Milli Kitabxanasının fonduna verilib. Buraya sənətkarın tar aləti, səhnə geyimləri, əl çantası, müxtəlif dövlət təltifləri, afişalar və fotoşəkillər, müxtəlif illərdə sənətkar haqqında yazılmış qəzet və jurnallardakı məqalələr daxildir.
Qeyd edək ki, martın 2-də Musiqi Mədəniyyəti Dövlət Muzeyində Səadət Təhmirazqızının “Ustad xatirələrdə” kitabının təqdimatı və sənətkarın muzeyə hədiyyə edilən şəxsi əşyalarının sərgisi keçiriləcək. Martın 29-da isə Beynəlxalq Muğam Mərkəzində Əlibaba Məmmədovun xatirəsinə həsr edilən konsert proqramı təqdim olunacaq.
“Ədəbiyyat və incəsənət”
(13.02.2023)