Fevralın 17-də görkəmli opera müğənnisi Fyodor Şalyapinin 150 illik yubileyi ərəfəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) təşkilatçılığı ilə Bakıdakı Rus evində konsert keçiriləcək.
Xatırladaq ki, daha əvvəl konsertin bu gün keçiriləcəyi elan edilmişdi, amma Türkiyədə baş vermiş zəlzələ və elan edilmiş matəmlə bağlı konsert bir həftə sonraya ertələnib.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən (RİMM) bildirilib ki, konsert proqramında Azərbaycanın Əməkdar artisti Anton Ferştandt, Dilarə Kərimova, Ülviyyə Əliyeva, Məryəm Yusifova, Fərhad Ələkbərov, Ruslan Persan, Kamilla İmanova, Teymir Kazımov, eləcə də BMA-nın tələbələri iştirak edəcəklər.
Konsert proqramının aparıcısı və təşkilatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Alyona İnyakinadır.
Rus opera müğənnisi Fyodor Şalyapin XX yüzilliyin əvvəllərində tanınmış simalardan olub. Dünyanın ən nüfuzlu teatrlarında çıxış edən müğənni rəsm və heykəltaraşlıqla məşğul olub, bir neçə bədii filmdə çəkilib. Bəstəkarlar Sergey Prokofyev və Anton Rubinşteyn onun istedadının pərəstişkarları arasında olublar. Maksim Qorki Şalyapini “rus sənətinin ayrıca dövrü” adlandırırdı.
“Ədəbiyyat və incəsənət”
(10.02.2023)