“Bakıda Prezidenti İlham Əliyevin iştirakı ilə görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin abidəsinin açılması mədəniyyətimiz üçün tarixi hadisədir. Ötən əsrin 30-cu illərində sənət yoluna qədəm qoymuş Tofiq Quliyevin Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafında əvəzsiz xidmətləri var. Tofiq Quliyevin yaradıcılığı geniş və rəngarəng olmaqla həmişə diqqəti cəlb edir. O, müxtəlif illərdə 5 musiqili komediya bəstələyib, valslar, fortepiano üçün prelüd, variasiyalar yazıb. Eyni zamanda, bir çox kino musiqilərinin müəllifidir. Bütün bunlarla yanaşı, Tofiq Quliyev estrada musiqisinin əvəzsiz sənətkarı kimi də tanınıb. Bəstəkarın lirik, şux, nikbin və oynaq çalarlı musiqiləri əbədiyaşardır.
Hazırda ölkəmizdə bütün sahələr kimi mədəniyyət və incəsənət sahəsinə də dövlət tərəfindən xüsusi qayğı göstərilir ki, bu siyasətin də əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Hazırda bu siyasi xətt uğurla davam etdirilir. Hər birimiz Prezident İlham Əliyevin mədəniyyət və incəsənət sahəsinə göstərdiyi qayğının canlı şahidləriyik. Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafına xidmət edən hər bir fəaliyyət daim Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Bu gün paytaxtımızda Tofiq Quliyevin abidəsinin açılması buna bariz nümunədir.
T.Quliyevin mahnıları, ayrı-ayrı tamaşalar üçün yazılan musiqiləri bizim musiqi tariximizə qızıl həriflərlə yazılıb və könlümüzdə daim yaşayacaq. Biz onun bəstələrini dinləməklə böyümüşük”.
Sitat tanınmış xanəndə, Xalq artisti, Azərbaycan Milli Konservatoriyasının professoru Mənsum İbrahimovdandır.
“Ədəbiyyat və incəsənət”
(09.02.2023)