Bu gün görkəmli bəstəkar Əşrəf Abbasovun anım günüdür

 

Bu gün görkəmli bəstəkar, musiqişünas və pedaqoq, Əməkdar incəsənət xadimi, Xalq artisti, professor Əşrəf Abbasovun vəfatından 31 il ötür.

 

Əşrəf Cəlal oğlu Abbasov 1920-ci il martın 23-də Azərbaycanın dilbər guşəsi, musiqiçilər diyarı Şuşada anadan olub. İlk orta və tar ixtisası üzrə musiqi təhsilini bu şəhərdə alıb. Təhsil aldığı müddətdə musiqi məktəbində nəzəri fənlər müəllimi - Üzeyir Hacıbəylinin tələbəsi olmuş Fatma Zeynalova onu dünya bəstəkarlarının yaradıcılıqları ilə tanış edir. Musiqiyə marağı onu tar üçün kiçik həcmli pyeslər yazmağa həvəsləndirmişdi. Tez-tez Şuşaya gələn Üzeyir Hacıbəyli bu gəncin istedadını görür və onu Bakıya təhsil almağa dəvət edir. Beləliklə, 1936-cı ildən etibarən Əşrəf Abbasovun həyatında maraqlı dövr başlayır. O, 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını (indiki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını), 1952-ci ildə isə Moskva Dövlət Konservatoriyasının aspiranturasını bitirib. Ömrü boyu Şuşa musiqi mühitinin və Üzeyir Hacıbəylinin əsasını qoyduğu peşəkar bəstəkarlıq məktəbinin ənənələrini yaradıcı şəkildə davam etdirib.

Azərbaycan musiqi mədəniyyətinin inkişafında Əşrəf Abbasovun xidmətləri böyükdür. O, xalq musiqisinə yaradıcılıqla yanaşaraq, özünün yeni əlavələri ilə orijinal əsərlər yazıb. Eyni zamanda, klassik irsi dərindən mənimsəməsi, müasir musiqinin ən yaxşı nümunələrindən bəhrələnməsi onun əsərlərinin mükəmməlliyini təmin edən amillərdəndir. Odur ki, bəstəkarın əsərləri yüksək peşəkarlığı, bədii məzmunun aydınlığı, mövzularının müasirliyi, emosionallığı, səlis üslubu ilə diqqəti cəlb edir. Həmişə axtarışda olan bəstəkarın əsərləri janr müxtəlifliyi ilə də seçilib.

Əşrəf Abbasovun yaradıcılığında xüsusi yeri simfonik musiqi tutur. Bu sahəyə bəstəkar bütün yaradıcılığı boyu müraciət edib. Onun simfonik orkestr üçün ilk əsəri tələbə ikən yazdığı “Rəqs süitası” olub. Aydın ifadə tərzinə, melodik zənginliyə və forma vəhdətinə malik bu əsər 1944-cü ildə Tbilisidə keçirilən Zaqafqaziya incəsənəti ongünlüyündə böyük maraqla qarşılanıb.

Əşrəf Abbasovun fortepiano ilə orkestr üçün “Konsert”, simfonik orkestr üçün “Konsertino”, “Şuşa”, “Gələcək gün”, “Dramatik poema”sı bəstəkarın ən kamil simfonik əsərlərindən sayılır. O, simfonik orkestr üçün süitalar da yazıb. Bütün bu əsərlər Niyazi, Alqis Cüraytis, Rauf Abdullayev kimi görkəmli dirijorların təfsirində səslənərək, müəllifinə böyük şöhrət gətirib.

Bəstəkarın yaradıcılıq zirvəsində duran “Qaraca qız” baleti həm də uşaqlar üçün yazılmış ilk böyük səhnə əsəridir. 1968-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində tamaşaya qoyulmuş bu əsər S.S.Axundovun eyniadlı hekayəsi əsasında hazırlanıb. Librettonun müəllifi isə Xalq artisti Əfrasiyab Bədəlbəyli idi.

Müəllif “Qaraca qız”da milli xoreoqrafiya ilə klassik balet ənənələrinin gözəl vəhdətinə nail olub. O, hadisələrin dramatizmini və obrazların psixoloji səciyyəsini gərgin və parlaq harmonik ahənglər, tembr rəngarəngliyi, maraqlı polifonik vasitələr, xalq musiqi intonasiyalarından istifadə etmək yolu ilə verib. Klassik balet ənənələrinin ən gözəl nümunələrindən biri olan bu səhnə əsərini təkcə uşaqlar deyil, böyüklər də maraqla seyr ediblər.

Zəngin yaradıcılığa malik Əşrəf Abbasovun musiqi bəstələdiyi mahnı və romanslar şeirlərin mətni ilə poetik vəhdət yaradıb. Onun M.Füzulinin, M.P.Vaqifin, M.Müşfiqin, A.Şaiqin sözlərinə yazdığı musiqilər həzinliyi, emosionallığı ilə dinləyicinin ruhunu oxşayır. “Heyran olmuşam”, “Oxu, bülbül”, “Qurban olduğum”, “Ceyranım, gəl”, “Gözəl yar”, “Qarabağın qızları” və digər romansları, mahnıları uzun illərdir ki, məhəbbətlə ifa edilir.

Bəstəkarın “Səndən mənə yar olmaz”, “Dağlar qoynunda”, “Həyətim mənim, həyatım mənim” komediyalarına yazdığı musiqi ifadəliyi, coşqunluğu, lirizmi ilə seçilib. O, tamaşa müəlliflərinin ideyalarını, obrazların xarakterini musiqinin dili ilə müvəffəqiyyətlə əks etdirib. Bu tamaşalar uzun illər Məmmədsadıq Nuriyev, Nəsibə Zeynalova, Hacıbaba Bağırov, Mobil Əhmədov kimi görkəmli aktyorların ifasında Musiqili Komediya Teatrının (indiki Azərbaycan Dövlət Musiqili Teatrı) repertuarında olub.

Əşrəf Abbasov instrumental musiqiyə də müraciət etmiş, skripka, violonçel, fortepiano, nəfəsli alətlər, kamera ansamblı, xalq çalğı alətləri orkestri, habelə xor üçün də əsərlər yazıb. Onun bir sıra əsərləri tədris proqramlarına daxil edilib.

Bəstəkarlıqla yanaşı, elmi tədqiqatlarını və pedaqoji fəaliyyətini də ardıcıl davam etdirən Əşrəf Abbasov 1952-ci ildə Moskvada “Üzeyir Hacıbəyli və onun “Koroğlu” operası” mövzusunda dissertasiya müdafiə edərək sənətşünaslıq namizədi alimlik dərəcəsinə layiq görülüb. O, Azərbaycan bəstəkarları arasında həm də ilk sənətşünaslıq namizədi olmuş, musiqişünaslarımızın bir çox elmi əsərlərini redaktə edib.

Əşrəf Abbasov müxtəlif illərdə Asəf Zeynallı adına Musiqi Texnikumunun direktoru, Azərbaycan Dövlət Konservatoriyasının rektoru, kafedra müdiri vəzifələrində çalışıb. Onun musiqi mədəniyyətimizin inkişafında xidmətləri layiqincə qiymətləndirilmiş və respublikamızın ən yüksək fəxri adlarına layiq görülüb.

Görkəmli bəstəkar, musiqişünas və pedaqoq, Əməkdar incəsənət xadimi, Xalq artisti, professor Əşrəf Abbasov 1992-ci ildə Bakıda vəfat edib.

Bütün ömrünü, istedadını, yaradıcılığını musiqimizin inkişafına həsr etmiş Əşrəf Abbasovun adı musiqi tariximizdə əbədi həkk olunub, onun əsərləri zamanın imtahanından şərəflə çıxaraq, xalqımızın qəlbində özünəməxsus yer tutub.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(08.02.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.