Bu gün Xalq artisti Ağaxan Abdullayevin doğum günüdür

 

Bu gün görkəmli xanəndə, Xalq artisti Ağaxan Abdullayevin anadan olmasının 73-cü ildönümü tamam olur.

 

Ağaxan Abdullayev 1950-ci il fevralın 6-da Bakı şəhərinin Əmircan kəndində anadan olub. 1958-1968-ci illərdə 84 nömrəli orta məktəbdə, 1969-1973-cü illərdə isə A.Zeynallı adına orta ixtisas musiqi məktəbində təhsil alıb. 1973-cü ildə Əbilov adına Mədəniyyət evində muğam ixtisası üzrə müəllim vəzifəsinə dəvət olunub. 

Ömrünün 40 ilini Azərbaycan musiqisinin inkişafı və təbliğinə həsr edən böyük sənətkar Ağaxan Abdullayev Azərbaycanı qarış-qarış gəzib-dolaşıb, dünyanın 20-dən çox ölkəsinə qastrol səfərlərinə çıxıb. Hər yerdə Azərbaycan muğamlarını, xalq və bəstəkar mahnılarını böyük şövqlə, əsl ustalıqla ifa edib. O, nə oxuyubsa ürəkdən oxuyub. Onun Azərbaycan musiqisinin inkişafı naminə gördüyü işlər hər zaman yüksək qiymətləndirilib və xanəndə fəxri adlar, orden və medallarla mükafatlandırılıb. Ağaxan Abdullayevin böyük məharətlə və ilhamla ifa etdiyi muğam dəsgahlarının audio və videoyazıları Azərbaycan Televiziyasının qızıl fondunda saxlanılır.

Xanəndə pedaqoji və maarifçilik fəaliyyətinə böyük önəm verib. O, 1977-ci ildən ömrünü sonunadək A.Zeynallı adına musiqi məktəbində muğamdan dərs deyib, gənc xanəndələr nəslinin yetişməsində böyük əmək sərf edib, bir çox tanınmış xanəndələrin ustadı kimi tanınır. O, dəfələrlə televiziya muğam müsabiqələrinin münsiflər heyətinin üzvü olub.

Böyük ustad Ağaxan Abdullayev uzun sürən ağır xəstəlikdən sonra 2016-cı il dekabrın 25-də 66 yaşında Bakıda vəfat edib. Vəsiyyətinə əsasən, Türkan qəsəbəsi kənd qəbiristanlığında valideynlərinin yanında torpağa tapşırılıb. 

Ağaxan Abdullayevin sənəti solmaz və əbədiyaşardır. Bu ecazkar səs, bu sənət gələcək nəsillərə, əsrlərə ünvanlanıb.

 

“Ədəbiyyat və incəsənət”

(06.02.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.