Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin təşəbbüsü, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təşkilatçılığı ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş silsilə tədbirlərin davamı olaraq Filarmoniyanın Xalq Çalğı Alətləri Orkestri şəhər əhalisinə və şəhərin qonaqlarına konsert təqdim olundu.
Mədəniyyət Nazirliyinin rəsmi məlumatına görə, konsertdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı cənab Niyazi Bayramov, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, AMEA-nın Gəncə Bölməsinin rəhbəri Fuad Əliyev, Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin rəisi Həsən Mirzəyev, mədəniyyət işçiləri, şəhər ziyalıları, digər idarə və təşkilatların rəhbərləri iştirak ediblər.
Konsertin diktoru, Filarmoniyanın aparıcı artisti Mirqasım Əliyev səhnəyə gələrək Azərbaycan ərazi bütövlüyü, suverenliyi uğrunda, eləcə də II Qarabağ Vətən Müharibəsində şəhid olanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini elan etdi.
Sonra Respublikanın Əməkdar artisti, Filarmoniyanın direktor əvəzi Elçin Elçiyevin bədii rəhbəri olduğu Xalq Çalğı Alətləri Orkestri maraqlı konsert proqramını təqdim etdi.
Konsert Üzeyir Hacıbəylinin “Koroğlu” operasında rəqslə başladı.
Respublikanın Əməkdar Mədəniyyət İşçisi Mehparə Cəfərova musiqisi Üzeyir Hacıbəylinin, sözləri Nizami Gəncəviyə məxsus olan “Sevgili canan” romansını, Əməkdar artist Kəmalə Tağızadə bəstəkar Oqtay Rəcəbovun “Anam Azərbaycan” mahnısını, Milli Konservatoriyasının tələbəsi Günel Hacıyeva Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Gülcöhrənin ariyasını, Asəf Zeynallının “Ölkəm” romansını, Xalq artisti Sevinc İbrahimova Fikrət Əmirovun Nizami Gəncəvinin sözlərinə yazdığı “Gülüm” romansını, solist Rüstəm Cəfərov Niyazinin “Vətən nəğməsini”, solist Xəyal Əliyev Əlibaba Məmmədovun “Xudayar təsnifi”ni təqdim etdilər.
Gəncə şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru, bəstəkar Svetlana Zelmixan qızının Nizami Gəncəvinin “Görünür” qəzəlinə yazdığı mahnını “Gəncəm” triosu, Telman Hacıyevin bəstəsi olan “Gəncəm” mahnısını Əməkdar Mədəniyyət İşçisi Mehparə Cəfərova təqdim etdilər.
Konsertdə Filarmoniyanın baletmeysteri Sənan Cavadovun rəhbəri olduğu “Xəmsə” uşaq rəqs ansamblı “İgidlər” və “Naz eləmə” rəqslərini təqdim etdi.
Konsertin sonunda Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov səhnə gələrək Xalq Çalğı Alətləri Orkestrinin kollektivinə, ifaçılara, konsertin təşkilatçılarına öz səmimi minnətdarlığını bildirdi.