Tanınmış bəstəkar Musa Mirzəyevin anadan olmasından 90 il ötür

 

Bu gün tanınmış bəstəkar, Xalq artisti, professor Musa Mirzəyevin anadan olmasının 90-cı ildönümü tamam olur.

 

Azərbaycan bəstəkarlıq məktəbinin seçilən nümayəndələrindən biri olan Musa Mirzəyev yaratdığı rəngarəng əsərləri ilə milli musiqi mədəniyyəti xəzinəmizi daha da zənginləşdirib.

Musa Mirzəyev 1933-cü il yanvarın 26-da Bakı şəhərində anadan olub. Məktəbi bitirdikdən sonra o, 1947–1951-ci illərdə Asəf Zeynallı adına Bakı musiqi texnikumunda oxuyub, 1952–1958-ci illərdə isə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında görkəmli sənətkar Qara Qarayevin sinfində bəstəkarlıq ixtisası üzrə ali musiqi təhsili alıb.

Əmək fəaliyyətinə 1958-ci ildən etibarən Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsində gənclər xorunun konsertmeysteri kimi başlayan Musa Mirzəyev 1978-ci ilədək burada çalışıb, 1978–1979-cu illərdə isə Azərbaycan Dövlət Akademik Filarmoniyasında bədii rəhbər vəzifəsini tutub. Sonrakı dövrdə yalnız yaradıcılıqla məşğul olaraq bəstəkarlıq əsərləri meydana gətirən Musa Mirzəyev 1992–1993-cü illərdə “Şur” musiqi nəşriyyatında müxtəlif vəzifələrdə işləyib. Yaradıcılığını pedaqoji fəaliyyətlə uğurla əlaqələndirərək o, 1993-cü ildən ömrünün sonunadək çalışdığı Bakı Musiqi Akademiyasında yeni peşəkar musiqiçilər nəslinin formalaşdırılması işinə töhfələr verib.

Azərbaycan musiqisinin bugünkü simasının formalaşmasında öz dəst-xətti ilə tanınan bəstəkarın təqdirəlayiq xidmətləri vardır. Ayrı-ayrı janrlarda çoxsaylı əsərlər bəstələmiş Musa Mirzəyevin yaradıcılığında xüsusən simfonik və kamera musiqisi janrında yazdığı əsərlər mühüm yer tuturdu. Dərin milli kolorit, nikbinlik ruhu və zəngin dramatizm hər bir əsərinə hədsiz məsuliyyətlə yanaşmış bəstəkarın yaradıcılığını səciyyələndirən başlıca cəhətlərdəndir.

Musa Mirzəyevin əsərləri tanınmış musiqi kollektivləri tərəfindən müvəffəqiyyətlə ifa edilərək respublikada və onun hüdudlarından kənarda müəllifinə şöhrət gətirib. Bəstəkarın kamera musiqisindən ibarət müəllif konsertləri sənətsevərlərin rəğbətini qazanıb. Musa Mirzəyev bir çox əsərləri simfonik orkestrlə ifa olunmaq üçün yenidən işləmiş və partiturasının hazırlanmasına böyük əmək sərf etmişdir. Onun Azərbaycan və dünya musiqisinə dair məqalələri yetişməkdə olan nəslin estetik zövqünün püxtələşməsinə öz təsirini göstərib.

Onun monumental “I simfoniya”, “Simfonietta”, simli orkestr üçün “II simfoniya”, violin və simfonik orkestr üçün simfoniya-konsert, poemalar - o cümlədən “Sədini oxuyarkən”, “Bayram poeması”, truba ilə orkestr üçün “Poema-noktürn”, “Yeddi simfonik lövhə” kimi simfonik əsərləri, habelə kvartet, trio, sonata-kapriççio, “Gənclik üçün albom”, “Lənkəran əfsanəsi” fantaziyası, “Romantik poema”, vokal silsilələri, mahnıları, xor əsərləri onun yüksək peşəkarlığının təzahürüdür. Sənətkar hər bir əsərin ərsəyə gəlməsinə böyük məsuliyyətlə yanaşıb. 

Musa Mirzəyevin yaradıcılığı və müasir Azərbaycan mədəniyyəti qarşısında xidmətləri yüksək qiymətləndirilib. Ölkəmizdə musiqi sənətinin inkişafı sahəsində qazandığı nailiyyətlərə görə o, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilib.

Musa Mirzəyev 2016-cı il yanvarın 29-da vəfat edib.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(26.01.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.