Fleytaçımız Fransanın ən yüksək kateqoriyalı üç fleytaçısından biri seçilib

 

Paris “Alfred Cortot” adına Musiqi Məktəbi (Ecole Normale de Musique de Paris “Alfred Cortot”) konservatoriyasında təhsil alan, Prezident təqaüdçüsü və mükafatçısı Ağarəhim Quliyev Berlin Filarmonik Orkestrinin baş fleytaçısı Emanuel Pahudun ustad dərsi zamanı seçilmiş Fransa konservatoriyasının ən yüksək kateqoriyalı üç fleytaçısından biri olub. 

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Paris “Cortot” konsert zalında keçirilmiş ustad dərsində Paris “Alfred Cortot” adına Musiqi Məktəbi konservatoriyasının tələbəsi Ağarəhim Quliyev fleyta repertuarının ən çətin əsərlərindən olan S.Prokofyevin fleyta üçün Sonatasını ifa edib. Azərbaycanlı tələbənin ifası fransız tamaşaçıları tərəfindən böyük rəğbətlə qarşılanıb. Həmvətənlimiz Fransa konservatoriyasının ən yüksək kateqoriyalı üç fleytaçısından biri seçilib.

“Cortot” konsert zalında Berlin Filarmonik Orkestrinin baş fleytaçısı Emanuel Paudun rəhbərliyi altında keçirilmiş ustad dərslərində Ağarəhim Quliyev ilk azərbaycanlı iştirakçı olub. 

Məşhur fleytaçı Emmanuel Pahud Berlin Filarmonik Orkestrinin birinci fleytaçısı və solistidir. Onun albomları Warner Classics, Erato, Naïve, Deutsche Grammophon kimi dünyanın ən məşhur səsyazma studiyalarında yazılıb.

Prezident təqaüdçüsü və mükafatçısı Ağarəhim Quliyev Paris “Alfred Cortot” adına Musiqi Məktəbi konservatoriyasında təhsilini davam etdirir.

 

“Ədəbiyyat və incəsənət”

(16.01.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.