“Ədəbiyyat və incəsənət” portalının bugünkü Çərşənbə söhbəti sevilən müğənni, Respublikanın Əməkdar artisti Firuzə İbadovayladır.
Qonaqla söhbəti rubrikanın daimi aparıcısı Aysel Kərim aparır.
-Salam, Firuzə xanım. Xoş gördük. Artıq yay tətili bitdi və hər kəs iş başındadır. İrəlidə nə kimi hədəfləriniz var?
-Salam Aysel xanım. Xoş günlərdə görüşək. İrəlidə bir neçə klassik bəstəkarlarımızın lirik mahnılarından ibarət bir toplu şəklində ifalarımı hazırlamaq istəyirəm. Yəni mənə elə gəlir ki, bu, gənc nəsil üçün arxiv kimi çox dəyərli olar. Ansambl şəklində yox, təkcə fortepiano müşayiəti ilə olan mahnılara müraciət etmək fikrindəyəm. Bundan başqa, nəvəmlə məşğul olacağam, çünki nəvəm 132 nömrəli məktəbin 7-ci sinifindən birbaşa İncəsənət gimnaziyasına daxil oldu. Qalan boş vaxtlarımı nəvəmə sərf edəcəyəm. İrəlidəki hədəflərim budur.
-Bu qədər incə ruhlu, həssas olmaq sizə dost qazandırırmı? Yoxsa insanlar bu xarakterinizdən daha çox süi-istifadə edir?
-Aysel xanım, demək olar ki, mənim xasiyyətim hal-hazırda necədirsə, dünyamı dəyişənə qədər də bu xasiyyətdə qalacağam. Amma, düzdür, ətrafımda məndən sui-istifadə edənlər çox olub. Əlbəttə ki, bu xasiyyətim sənət aləmində mənə çox maneçiliklər törədib. Çünki bu sənət bir az, bilirsiniz, necədir? İncəsənət, mədəniyyət sahəsində olan insanların əhatələri, çevrələri çox böyük olur. Amma bu çevrədən sən bir neçə yaxın dost, rəfiqə, bacı qazana bilərsən. Mən isə bilirsiniz ki, xaraktercə çox mülayim insanam. Yəni mülayim olduğumdan da çox hisslərimə bəzən hədsiz qapanıram. İstəyirəm elə özüm mehriban olduğum kimi, qarşı tərəfdən mehribanlıq göstərməyən insana da mehribançılığı öyrədim və ünsiyyətim belə qalsın. Yəni kiminsə qəlbinə dəymək mənim xasiyyətimdə deyil. Mən qəlbə dəyməyi sevmirəm. Çünki qəlbə dəymək Kəbə evindən daşı salmaq deməkdi. Yəni bəndə kimi bir-birimizi yola verməliyik. Amma bu xarakter sənətimdə mənə çox maneçiliklər törətdi. Hal-hazırda törədir də. Yəni mən bunu birmənalı deyirəm və sözümün də üstündə dayanıram ki, bu xasiyyətim sənətimə çox mane olub. Gərək bir balaca sərt olardım, amma nə edim ki, bu da mənim xasiyyətimdir. Mənim bir növ təbiətimdir. Mənim təbiətimdə ancaq yazdı, yaydı. Payız, qış yoxdu. Çünki onlar sərt fəsillərdi. Özüm sərt ayda - fevralda anadan olsam da amma xasiyyətim yaz-yaya bənzəyir. Təbiətimdə olan fəsli bax belə izah edərdim.
-Reallaşdıra bilmədiyiniz ideyalarınız olubmu? Yoxsa, geriyə dönüb baxanda gördüyünüz işləri yetərli hesab edirsiniz?
-Bilirsiniz, bir insan bir dəfə ömür sürər, amma məcazi anlamda desək, hətta bir neçə dəfə ömür sürsə belə yenə də reallaşdıra bilmədiyi nəyisə qalar. Heç olmasa real etmədiyi bircə şey üçün də mütləq heyfislənər. Mən də geriyə baxanda görürəm ki, istər Azərbaycanda, istər xarici ölkələrdə o qədər nailiyyətlərim, uğurlu çıxışlarım olubdur. Bilirsiniz, o vaxtlar məndə bir balaca tənbəllik olduğu üçün o hadisələrin bir çoxu mənim yalnız beynimə həkk olub, özümlə kameramanlar, fotoqraflar daşımamışam. Sənətində sübutlarının olmağı yaxşıdır ki, görünsün, sən nə etmisən. Nə yaxşı ki, hamısı Azərbaycan Dövlət Radiosunun qızıl fondunda qorunub saxlanılır. Nailiyyətlərim, bəli, yetərincə çox olub. Amma çox istərdim ki, o nailiyyətlərim indi də olsun. Bu problemlərlə, çətinliklərlə üzləşərək çalışdığım qədər nəsə edə bilirəmsə, bu da böyük şeydir, mənə elə gəlir, indiki dönəmdə bir mahnı da yazdırsan, böyük şücaətdir. Oxuduğun mahnını azı iki il sevə-sevə dinləyirlərsə, bu, mənim üçün artıq indiki zamanda böyük nailiyyət hesab olunur. Əlbəttə, yeni mahnılara - bayaq vurğuladım, yeni deyəndə ki, retro mahnılara müraciət edəcəyəm və bunları reallaşdıracağam, inşallah, ömrüm vəfa etsə.
-Sənətkar təbii ki, sönməyən günəşdir. Lakin özünüz sənət sarıdan ən parlaq dönəm olaraq ömrünüzün hansı çağını hesab edirsiniz?
-Mənim gözəl qızım, Ayselim. Sənətkar dediklərimiz dünyasını dəyişib. Bu sualı mənə verdiyiniz üçün mən sizə çox-çox təşəkkür edirəm. Çünki sənətkar deyilən anlam bizim dahilərimizə aid idi ki, onlar dünyadan köç etdilər. Onlar bizim müəllimlərimiz olub. Mən özümə sənətkar deməyə bir balaca utanaram. Çünki özümə peşəkar müğənni kimi baxıram. İfaçıların hamısı istəyər ki, ona sənətkar deyilsin. Amma təəssüf ki, indi bu ifadə hər sənətçiyə deyilir. Mən isə deyərdim ki, sənətkar sözünün altında yaşamaq, işləmək böyük məsuliyyətdir. Amma mənbəli sənətimin professionalıyam, musiqi savadım var. Musiqi tarixini, musiqi ədəbiyyatını, solfecionu bilirəm. Hələ də dərsliklərə müraciət edirəm. Oxuyuram, öyrənirəm. Yəni deyərdim ki, qızım, dünyamı dəyişəndən sonra sənətkar adını qazansam, nə xoş mənə. Ruhum da şad olar. Özümün sənətdə ən parlaq çağlarımı, parıldayan ulduz kimi gənclik illərimdə görürəm. Amma o parıltımı bu vaxta kimi saxlaya bilmişəmsə, sizin kimi dəyərli yazıçı, şair, jurnalistl əgər məndən müsahibə alırsa, deməli, mənim ulduzum hələ sönməyib. Hələ yanır, işıqlıdır. Mən sizə minnətdaram. Çalışacağam bu etimadı ömrümün sonuna qədər qoruyub, saxlayım.
-Bilirik ki, səbrli və anlayışlı insansınız. Bəs tale yazısıyla razılaşmayan və daxilən üsyan içində olan kəslərə nə kimi tövsiyyələr verə bilərsiniz?
-Mənim həyatımda nə qədər keşməkeşli illərim, aylarım, çağlarım, günlərim olursa mən onların hamısını dəf edə bilirəm. Ümumiyyətlə, mən yerə yıxılarkən tez qalxmağı bacaran insanam. Bu da Allahdan gələn bir istedaddır. O kəslərə deyərdim ki, üsyan etməyin. Çünki bizi yaradan Allah o üsyanı sevmir. Biz bu qədər işlər içərisində nələr ediriksə Allah təala buna dözür. Bizə qarşı üsyanı hələ etmir. Gəlin biz də üsyankar olmayaq. Mən xüsusən gənclərə tövsiyyə edirəm ki, üsyankar olmayın. Bir-birinizin qəlbinə dəyməyin. Bir-birinizi təhqir etməyin, çünki bu çox dözülməz, pis hərəkətdir, əlamətdir. Yəni bunlardan uzaq olsanız daha yaxşı olar və mənim yaşıma gələndə siz də təravətli görünərsiniz. Mən üsyankar insanlarla dostluq edə bilmərəm və ordan tez ayrılaram. Çünki mən heç vaxt üsyankar olmadım. Yəqin ki, ola da bilmərəm. Bu da mənim obrazımdı, təbiətimdir, yaranışdan bu günə olan xasiyyətimdir.
-Heç səhnədən yorulub başqa sənəti və yaxud sadəcə evdar bir xanım olmağı arzuladığınız vaxtlar olubmu? Yoxsa səhnə sizin olmazsa olmazınızdır?
-Səhnə mənim bütün həyatımdı. Səhnə mənim ruhumdu, nəfəsimdi. Mən səhnədə özümü 20 yaşında hiss edirəm. Bilirsiniz, Şövkət xanım sinifdə dərs keçərkən tələbələrinə bir muğam parçasını, yaxud bir şeiriyyəti başa salanda deyirdi: “Mən ifa edəndə, elə bilirəm ki, yaşıllıq bağ-baxçadı, güllər-çiçəklər açıb. Bülbüllər də ötür, onları sevərək qoxlayır. Mən elə bilirəm, mənim 18, 19, ya da 20 yaşım var”. Zaman keçdikcə başa düşürəm ki, bu dahi sənətkar çox düzgün vurğulayıb. Mən o hissləri indi yaşayıram. Ruhən elə bilirəm ki, elə mənim 20 yaşım var. Bir sözlə, sənətimdən çox böyük zövq alıram. Yenə də həyata gəlsəydim, yenə də səhnəni sevərdim, bu peşəni seçərdim. Çünki mənim ruhuma, boyuma biçilən bir sənətdir. Bu istedad hər kəsə verilmir. Mən səhnəni çox sevirəm. Evdə isə bütün xanımlar kimi mən də mətbəxi çox sevirəm. Yığışdırım, yuyum, bişirim. Övladımla, nəvəmlə çay süfrəsində, yemək arxasında zaman keçirim. Əgər sənətdə olmasaydım, yəqin ki, çox yaxşı evdar xanım olardım. Amma müğənnilik mənim ruhumdu. Bu mənim əynimə geyindiyim ən gözəl libasdı.
-Sənətə dair mükafatlandırılmaq, fəxri ad sizin üçün nə ifadə edir? Dəyərləndirilmək və dəyərləndirilməmək sizin üçün önəmlidirmi?
-Bilirsiniz, məndən heç kim inciməsin. Sovetlər dönəmində Xalq artisti, Əməkdar artist – bu kimi fəxri adların çox böyük önəmi vardı. Anadan olanda, yaxud bu sənətə gələndə mən fikirləşmədim ki, mütləq Xalq artisti olmalıyam. Yaxud mütləq Əməkdar artist olmalıyam. Yəni bu adın bir önəmi odur ki, xalq səni sevsin. Əgər xalqın səni sevirsə sən Əməkdar artist də olsan onlar səni Xalq artisti deyə elan edirlər. Yəni qızım, sizə qurban, kimə Aysel Kərim desən, bu ad yüksək dərəcədə aydın olacaq. Mən fəxr edirəm sizin adınızla. Bu, təvazökarlıqdan uzaqdı. Siz bilirsiniz ki, mənim xasiyyətimdə sevmədiyim insanları çox yüksəyə qaldırmaq yoxdu. Yəni onlara hörmətlə yanaşıram. Amma onlara tərif demirəm. Pis ifaçıya tərif desəm mənim üçün çox ayıb olar. Mən onun qəlbini üzmürəm. Deyirəm, yaxşı idi, təbrik edirəm, amma daha mükəmməl çalışmalısınız. Amma sənəti olan insana mən durub deyə bilmərəm, sən hələ çox oxumalısan, yaxud sən hələ öyrən. Təbii ki, bu, mən tərəfdən ayıb olar. Qızım, mən yenə deyirəm, mən sənətə gələndə çalışmadım ki, mənim böyük villalarım olsun, Xalq artisti olum, Şöhrət ordeni alım. Xeyr! Əsla! Heç vaxt! Bu lazımsız bir istəkdir. Elə Xalq artisti var ki, onu heç xalq tanımır, xalq tərəfindən də sevilmir. Amma elə sənətkarlarımız var, heç Əməkdar artist adı almadan dünyasını dəyişdi. Məgər Cabbar Qaryağdıoğlunun Əməkdar artist və ya Xalq artisti kimi titulu olub? Hansının olub ki? Heç birinin olmayıb. Mahrux Muradova Əməkdar artist olmadan dünyasını dəyişdi. Yəni fəxri titul almayan çox sənətkarlarımız var, həmçinin İldırım dayı var idi, gözəl xanəndə idi. Xalq artisti olsa da olmasa da yetər ki, sən xalq tərəfindən seviləsən. Qarşına məqsəd qoyasan ki, “mən neyləmişəm?” Baxın Firuzə İbadovanın gələn il 2022-ci ildə sənətdə 50 illik yubileyi olur. Firuzə İbadova 1972-ci ildən böyük səhnəyə gəlib. Uşaqlıq çağlarımı saymıram. Nələr edib bu illər ərzində? Hansı töhfələri olub? Hansı laureat adlarını qazanıb? Hansı diplomlar alıb? Lenin Komsomolu mükafatına neçənci ildə layiq görülüb? Hansı ki o elə Əməkdar artist adı kimi bir yüksəliş idi. Yəni üç-dörd gənc insanlar var idi ki, Lenin Komsomolu mükafatına layiq görülmüşdülər. Yəni bu, Sovetlər Birliyində sənin zəhmətinin bəhrəsi idi. O zamanlar Əməkdar artist və Xalq artisti adlarını almaq çox çətin idi. İnsanlar o qədər işləməli idi və onlar sənət göstərməli idilər. Baxın, qızım, yetər ki, məni xalq sevir. Mən onlar üçün Respublikanın Əməkdar artisti yox, elə Respublikanın Xalq artisti kimiyəm. Əməkdar artist adı almağım üçün də dövlət başçımıza, mədəniyyət nazirimizə çox-çox minnətdaram. Əlbəttə onların sayəsində zəhmətim qiymətləndirilib. Əgər mən buna layiqəmsə bu layiqimi də almışam. Amma insanlar tərəfindən Xalq artisti kimi qələmə verilirəm. Mən onlara öncədən təşəkkür edirəm.
-Sizin necə şirin nənə olduğunuzu, nəvənizi səhnədə necə həvəslə izlədiyinizi və ona mənəvi dəstək olduğunuzu öz gözlərimlə görüb şahid olmuşam. Nənə və nəvə anlayışı, nəvə və nənə arasındakı bağ nədir?
-Nənə və nəvə - bu çox gözəl səslənir. Bu həyatda insan nənə kimi obrazını doğrudan da layiqincə oynayanda bu çox gözəl olur. Mən nəvəmlə ruhən qidalanıram. Onun istedadına çox heyranam. Nəvəmin adı Hökümədir. Bu balaca insanda bilirsiniz, maşallah, nə böyük istedad var? Onun istedadı imtahan verdiyi İncəsənət Gimnaziyasında müəllimlər tərəfindən də çox heyranlıqla qarşılandı və mən “Oyuq” uşaq studiosunun rəhbəri Səidə xanımın çox böyük zəhmətini vurğulamaq istəyirəm. Höküməni çox sevir. Hökümənin orda çox gözəl yaratdığı obrazları var idi. Orada digər istedadlı balacalar da var. Mən orda musiqi rəhbəri kimi çalışıram. Hökümə orda püxtələşdi və istedadı onu İncəsənət Gimnaziyasına apardı. Elə bil ki, mən onunla ömrümün ikinci baharını yaşayıram. Bayaq vurğuladım ki, öz mahnılarımı ifa etdikdən sonra mütləq nəvəmin işləriylə məşğul olacağam. Oxumağına nəzər yetirəcəyəm. Həm savadı, həm yiyələndiyi peşəsi yerində olsun. Hökümə xanım həm mənim nəvəmdi, mən onun nənəsiyəm, həm də o mənim anamdı. Aramızdakı bağ çox böyükdü. Bir-birimizi sevirik. Hərdən bir-birimizdən küsə də, inciyə də bilirik. Hökümə məndən tez-tez küsür ki, sən məni həddindən artıq çox istəyirsən. Mən də ondan küsürəm ki, sən məni heç istəmirsən. Bu küskünlük o sevginin böyüklüyündən irəli gəlir. Sonradan ikimiz də bir-birimizə gülürük. Bir-birimizi qucaqlayıb öpürük. Bir-birimizdən üzr istəyirik. Bax sevgi bizim başımıza bəla açır. (gülümsəyir)
-Bəs ana kimi necə? Öz ananızdan gördüyünüz özəllikləri qızınıza tətbiq etdinizmi? Yoxsa siz ananızdan tam fərqli ana oldunuz?
-Mənim rəhmətlik anam çox mükəmməl ana idi. Onun bir neçə övladı var idi. Amma mənim bir övladım olduğu üçün əlbəttə mən anamdan bu sarıdan çox fərqliyəm. Mən anamdan o mükəmməlliyi götürdüm. Amma mənim yeganə övladım, yeganə nəvəm olduğu üçün anamdan təkuşaqlı ana və nənə olmağımla fərqlənirəm. Baxmayaraq ki, anamın bir neçə övladı var idi, anam deyirdi ki, mənim Firuzəm hamıdan seçilir. Ona görə də anam mənə bağlanmışdı. Ömrünün sonuna qədər də anam mənimlə qaldı. Əlbəttə anamdan gördüklərimi qızıma ötürmüşəm. Qızım çox dadlı yeməklər hazırlamaqda, övladına qarşı əsməyində, nigarançılığında, məhəbbətində anama bənzəyir. Yəni mən anamdan görüb ona ötürmüşəm. Bu mütləqdir.
- Ananız əbədiyyətə qovuşdu. Tanrı məkanını behişt etsin. Hər kəsin gedəcəyi yerə gedib. Onun yoxluğuyla danışırsınızmı? Yoxsa onu həyatınızda hələ də var kimi qəbul edirsiniz?
-Anamın həyatımızdan, evimizdən getməsi bütün övladları kimi bizdə də çox dərin yara hissi yaratdı. Mən bəzən anamı evdə hiss edirəm. Onun ətri gəlir. Onun iyini duyuruq. Onun çox qəribə bir hərəkətləri var idi. Bəzən elə kölgə kimi evdə tək olanda özümə qapanıram. İş görə-görə onun yatdığı yerə, oturduğu divana baxıram. Deyirəm ki, ana, sən məni görürsən? Bilirsən ki, mənim üçün necə çətindi? Mən hiss edirəm. Anamı hiss edirəm ki, anam evdədi və onunla danışıram, bölüşürəm ki, “Bax, ana, Hökümə gimnaziyaya daxil oldu. Ana, bax Hülya belə etdi, mən bunu etdim, onu etdim. Amma sənin üçün çox darıxırıq ana”. Məzarlığa gedəndə orda danışa bilmədiklərimi, deyə bilmədiklərimi evdə səssizlikdə danışıram. Çünki məzarlıqda insanda aramsız ağlamaq olur. Yəni bu bütün insanlarda, övladlarda təbii haldı. Evə gəlib onunla çoxlu-çoxlu danışıram. Röyalarımda görüşürəm. Yuxuya getməzdən əvvəl hiss edirəm ki, o bizimlədir. O, ruhən bizi görür, mən bunu hiss edirəm. Amma yoxluğuyla heç barışmıram. Çünki ananın yaşı olmaz. Bir telekanalda anamı göstərəndə mən özümdən ixtiyarsız çox ağlamışdım. İnsanların qarşısında ağlamağı sevmirəm. Göz yaşıyla ürəyimizin bulağı açılır. Ona heç bir qadağa yoxdu. Onu heç bir insan saxlaya bilməz. Bir balaca məni qınamışdılar ki, özü yaşlı qadındı, anası da çox yaşlıdı, gör necə də ağlayır. Ananın yaşı yoxdu. Bəxtiyar Vahabzadənin anası dünyasını dəyişəndə bizim dahi şairlərimiz gəlib soruşublar ki, “Bəxtiyar, ananızın neçə yaşı var idi?” O da hıçqıra-hıçqıra deyib ki, “ O, mənim anamdı”. Çox ağrılıdır. Çox acı bir ayrılıqdı. Dözülməz bir ayrılıqdı. Ana böyük bir qüvvədi, dağdı. Mənə dua edənim, ağlayanım, nigaran qalanım gedib. Onun dualarına həsrət qalmışam.
- Suallarımı cavablandırdığınız üçün çox minnətdaram. Yekun olaraq demək istədiyiniz könül sözləriniz varsa buyurun. Məmnunuq.
-Sonda mən sizə cansağlığı arzu edirəm. Mən istəyirəm ki, siz həyatda çox xoşbəxt olasınız. Çünki sizin şeirlərinizə nəzər salanda və bəstələrinizə qulaq asanda çox təsirlənirəm. Sizin həm poeziyanızı, həm musiqi ruhunuzu çox sevirəm, qızım. Siz bunu bilirsiniz. Hətta mən sizin barədə bu duyğularımı millət vəkili, Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevaya da demişdim ki, Aysel Kərimi mən çox sevirəm. Siz Qənirə xanımla yaradıcılıq yönündə əməkdaşlıq edirsiniz. Onun şeirlərinə musiqi yazırsınız. Mahnılarınızın hər biri çox sevilir. Zəngin yaradıcılığınızı mən özüm çox sevirəm. Əməkdar artist Mətanət İsgəndərlinin ifasında yer alan mahnılarınızı da çox bəyənmişdim. Zövqünüz, intelektual səviyyəniz çox yüksəkdi. Dönə-dönə dəfələrlə deməkdən doymuram ki, sizi çox, lap hədsiz çox sevirəm. Sizə təşəkkür edirəm qızım. Allah təala mənə tamaşaçılarımı, sizləri, sizi mənə, məni sizə çox görməsin. Məni heç vaxt unutmayın. Siz mənim dan ulduzlarımsınız. Sondakı könül sözüm bu qədərdir.