Tbilisidə XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən biri, Borçalı aşıq məktəbinin yetirməsi olan ustad aşıq Kamandar Əfəndiyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Diaspor Komitəsinin, ölkəmizin Gürcüstandakı səfirliyinin və Azərbaycan Diasporunun İnkişafına Dəstək Fondunun birgə təşkilatçılığı ilə reallaşıb.
Tədbirin aparıcısı professor Mahmud Hacıxəlilov aşıq Kamandarın həyat və yaradıcılıq yolundan söhbət açıb. Bildirib ki, 1932-ci ildə Borçalıda – indiki Marneuli rayonunun Kəpənəkçi kəndində dünyaya gələn Aşıq Kamandar fitri istedadı sayəsində qısa müddətdə özünəməxsus, bənzərsiz ifa tərzi ilə Azərbaycanda və bütün türk dünyasında sevilən sənətkara çevrilib. Öz sənəti ilə böyük el məhəbbəti qazanan aşıq Kamandarın sənətdəki xidmətləri dövlət tərəfindən də yüksək qiymətləndirilib, o, Gürcüstanın “Şərəf” ordeninə layiq görülüb. Doğma yurdunda ev-muzeyi yaradılıb, büstü ucaldılıb.
Sonra böyük ustadın keçdiyi ömür yolundan bəhs edən videoçarx tədbir iştirakçıları tərəfindən böyük maraq və yubilyarın ruhuna ehtiram hissi ilə qarşılanıb. Videoçarxda ustad aşığın Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevlə görüşündən olan fraqmentlər və Ulu Öndərin onun haqqında söylədiyi fikirlər alqışlarla qarşılanıb.
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliev çıxış edərək aşıq Kamandar yaradıcılığının ayrı-ayrı hissələrinə nəzər salıb, onun yaradıcılığında vətənə, xalqa, millətə sevginin onun yaradıcılığının əsas süjet xəttini təşkil etdiyini vurğulayıb.
Diplomat deyib ki, aşıq Kamandarın yaradıcılığındakı vətənpərvərlik hissi bu gün də dünya azərbaycanlılarının birliyinə və həmrəyliyinin möhkəmlənməsinə xidmət edir.
Səfir bildirib ki, Azərbaycan dövləti Gürcüstanda yaşayan soydaşlarımıza daim diqqət və qayğı göstərib. Marneuli rayonunun Kəpənəkçi kəndində aşıq Kamandarın ev muzeyinin açılmasına verilən dəstək də bunun əyani sübutudur.
Türkiyə səfirliyinin məsul əməkdaşı Onur Sevim, Gürcüstan parlamentinin sabiq deputatı Ruslan Hacıyev, TİKA-nın Gürcüstan nümayəndəliyinin rəhbəri Tuba Özütok və başqaları çıxış edərək aşıq Kamandar yaradıcılığından söz açıb, fikirlərini bölüşüblər.
Aşıq Kamandarın oğlu Əflatun Əfəndiyev ailəsi adından çıxış edərək tədbirin təşkilatçılarına və bütün iştirakçılara öz təşəkkürünü bildirib.
Tədbir Borçalı aşıq məktəbinin yetirmələrinin ifaları ilə başa çatıb.
“Ədəbiyyat və incəsənət”
(30.12.2022)