Bakılı musiqişünasın tələbələri Vyanada Yeni il münasibətilə konsert veriblər

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Milad bayramı və Yeni il münasibətilə uşaq və yeniyetmə musiqiçilərin konsert proqramı təşkil olunub. 

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, konsertdə əslən bakılı pianoçu və opera müğənnisi, musiqişünas-pedaqoq Lada Atlantovanın yetirmələri çıxış ediblər. Konsertdən əvvəl L.Atlantova koronavirus pandemiyası ilə əlaqədar məhdudiyyətlərin aradan qaldırılmasından sonra dəfələrlə Azərbaycan Mədəniyyət Mərkəzində öz yetirmələri ilə müxtəlif mövzularda konsertlər təşkil olunduğunu və bu konsert üçün də yaradılan şərait və əməkdaşlığa görə minnətdarlığını bildirib.

Moskva İncəsənət Akademiyasında opera müğənniliyi kafedrasına uzun illər rəhbərlik edən Lada Atlantovanın tələbələri konsertdə Avropa bəstəkarlarının əsərlərini ifa ediblər. Konsert proqramında Milad və Yeni ilə həsr olunmuş əsərlərə də geniş yer verilib.

Avstriyadakı Azərbaycan icmasının üzvü, yeddi yaşlı Fuad İsmayılov da konsertin solistləri arasında yer alıb. Fortepianoda onun ifasında Volfqanq Amadeus Motsartın “Türk marşı“ və Pyotr İliç Çaykovskinin “Şelkunçik“ baletindən “Güllər valsı“ səsləndirilib.

 

“Ədəbiyyat və incəsənət”

(26.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.