Atalar və övladlar rubrikasında bu gün Sevil Əmirova atası barədə - dünyaşöhrətli bəstəkar Fikrət Əmirov barədə danışır.
Atamın sənət uğurlarının məğzi
Fikrət Əmirov Avropa musiqi məktəbi ənənələrini mükəmməl mənimsəmişdi. Azərbaycan xalqının musiqi irsini dərindən bilməsi və ona olan hədsiz sevgisi atamın yaradıcılıq uğurunun əsas amili idi. Bütün bu amillər məhz yeni bir janrın – simfonik muğamın yaranmasına gətirib çıxarıb. Məhz buna görə “Azərbaycan kapriççiosu”, “Azərbaycan süitası”, “Azərbaycan elləri” və ən önəmlisi “Şur”, “Kürd ovşarı”, “Gülüstan – Bayatı-Şiraz” simfonik muğamları kimi dəyərli əsərləri meydana gəlib.
Milli musiqiyə bu qədər bağlılığını səbəbi
Fikrət Əmirov tanınmış xanəndə və tarzən Məşədi Cəmil Əmirovun ailəsində Gəncə şəhərində anadan olub. Babam əslən Şuşadan olduğuna baxmayaraq, ömrünün ikinci yarısını Gəncə şəhərində aktiv musiqi və maarifçiliyə həsr edib. Onun evində tez-tez musiqi axşamları təşkil olunarmış. Həmin məclislərdə Azərbaycan musiqiçiləri ilə yanaşı, qonşu ölkələrdən də musiqiçilər iştirak edərmişlər. Məhz bütün bunların nəticəsi idi ki, 7 yaşlı Fikrətin ilk ifa etdiyi musiqi aləti tar idi. Və bu bağlılıq onu ömür boyu müşayiət edirdi.
Atamla münasibətim barədə
Atam tez-tez xarici səfərlərdə olardı. Biz onun bu səfərlərdən qayıtmasını səbirsizliklə gözləyərdik. O, qayıtdıqdan sonra təəssüratlarını bizimlə bölüşərdi. Çox zaman ölkələrdən musiqi valları, suvenirlər gətirərdi. Müxtəlif ölkələrin musiqi ənənələrindən, insanlarından, mədəniyyətlərindən söhbətlər edərdi. Bunlarsa bizim üçün çox maraqlı idi.
Ən çox bəyəndiyi ölkələr
Türkiyə, ərəb ölkələri, İran, Avropa ölkələri, ABŞ, Meksika və s. Hər zaman səfərlərdən çox böyük təəssüratlarla qayıdardı. Zənnimcə, Şərq ölkələri onun temperamentinə daha uyğun idi.
Xaricdə qalmaq təklifləri
Həmin dövrü siz də bilirsiniz. Ona belə təkliflər az olmamışdı. Amma o, Vətənə bağlı insan idi. Atamda bu hiss, bu duyğu güclü idi. Bir məsələ də var ki, Fikrət Əmirov burada bütün qayğı ilə əhatə olunmuşdu. Şöhrəti və xalqın sevgisi var idi. O, başqa ölkədə yaşaya bilməzdi. Bir xatirəmi yada salım. Bir dəfə atamla anam İsveç səfərindən qayıdanda biz onları Moskvada hava limanında qarşıladıq. O vaxt təyyarə Moskvaya, daha sonra Bakıya uçurdu. Onun təyyarədən düşəndə necə sevindiyinin şahidi olmuşam. Hələ Moskvada belə tezliklə Bakıya çatmasını gözləyirdi. Bilirdi ki, iki saatdan sonra Azərbaycanda olacaq. Xalqımız öz musiqi xadimlərini hər zaman dəyərləndirib. Onlar da bu sevgini doğrultmuşdular.
Evdə işləyərkən xüsusi tələbləri
Atam nizam-intizamı sevən insan idi. Eyni dərəcədə də səmimi və mehriban. Hər gün səhər saat 9 tamamda onun iş saatı başlayardı. Əvvəl partituralarla məşğul olardı, daha sonra fortepiano arxasına keçərdi. Arada fasilə edib yenidən işlə məşğul olurdu. Heç yorulmazdı. Çox əməksevər idi. Evdə bizə qarşı çox sakit və təmkinli idi. Səsini ucaltdığını, narazı olduğunu heç zaman görmədik. Təvazökar insan idi.
Tanınmış insanlardan daha çox evinizə qonaq gələnlər
Rəşid Behbudov, Cövdət Hacıyev, Şəmsi Bədəlbəyli, Teymur Elçin, Bəhram Mansurov, Niyazi və digər dostları. Atamın onlarla münasibəti çox yaxşı idi. Uşaqlıq xatirələrimdə onların bizə gəlişi ilə bağlı, evimizdə olduqları zamanlara dair unudulmaz xatirələr var. Çevrəsi çox geniş idi. Nəinki incəsənət aləmində, eyni zamanda digər sahələrdə fəaliyyət göstərən insanlarla da dostluq edərdi. Atamın qapısı hər zaman dostlara açıq olardı.
“Simfonik portretlər”inin qəhrəmanları
1970-ci illərdə yazılan bu əsərdə Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimləri olan Üzeyir Hacıbəyli, Cəfər Cabbarlı, Bülbül, Səməd Vurğun, Hüseyn Cavid və Niyazi kimi şəxsiyyətlərin obrazlarını öz musiqisi ilə təqdim etməyə çalışıb. “Azərbaycan ədəbiyyatı və incəsənətinin altı böyük ustadının obrazları yaradılıb. Onlardan hər biri mənim bəstəkar kimi təşəkkül tapmağımda böyük rol oynayıb. Mən məmnuniyyətlə onlara sevgi və ehtiram borcumu qaytarıram”. Bu fikirləri atam qeyd etdiyiniz əsər haqqında söyləyib.
Onu xatırlayarkən ilk olaraq düşündüyüm
Düşüncəli insan obrazı, fikri hər zaman musiqidə olan, bizə qarşı çox mehriban ata. Eyni zamanda işində emosional sənətkar.
Mənim və qardaşımın peşə seçimimizdə rolu
Əgər o hiss etsəydi ki, mən və qardaşımda musiqiyə həvəs yoxdur, bizim musiqi təhsilimiz üçün heç vaxt təkid etməzdi. Lakin biz musiqi sahəsinə gəldikdən sonra müəllimlərin seçimində və təhsilin keyfiyyətində tələbkar idi. Təbii ki, biz də təhsilə böyük məsuliyyətlə yanaşırdıq.
Adət-ənənələrə münasibəti
Onun xarakterində maraqlı bir çalar var idi. Nəinki bizim adət-ənənələrə, hətta başqa ölkələrin adətlərinə də hörmətlə yanaşırdı. O qədər təmkinli insan idi ki. Hər cümləsi, hər fikri tutarlı, sanki aforizm idi. Müraciətdə də, münasibətdə də diqqətli idi. Bu baxımdan adətlərə də böyük ehtiram göstərirdi. Amma bununla bərabər o çox müasir insan idi. Geyimində də, xasiyyətində də. Gələcəyi görən idi.
Musiqidən savayı hobbisi
Ədəbiyyat, xüsusilə tarixi və avtobioqrafik əsərləri sevir, müxtəlif xalqların mədəniyyəti ilə maraqlanırdı.
II Dünya müharibəsində iştirakı
Müharibəyə getdiyi ilk vaxtlarda yaralanması, ağır şəraiti, xəstəliyi və s. onun həyatında dərin iz buraxmışdı və bu haqda danışmağı sevməzdi.
Adımın “Sevil” əsəri ilə əlaqəsi
“Sevil” operasının premyerası 1953-cü ildə olmuşdu. Mən də həmin il anadan olmuşdum. Atam operanın qəhrəmanının adını mənə qoyub.
Həkim və bəstəkar tandemi
Anam Aidə Əmirova mükəmməl təhsilə malik, nəcib və arif insan idi. O, ailə qurduqdan sonra ömrünün sonuna qədər Fikrət Əmirovun yanında onun həyat və yaradıcılığının bütün mərhələlərində atama dayaq olub.
“Min bir gecə” baletini barədə
Atam 1979-cu ildə yazdığı bu məşhur əsərini anama həsr etmişdi. Baletin partiturasının titul vərəqində “Həyat yoldaşım Aidaya” sözlərini yazmışdı. “Min bir gecə baleti” onun axırıncı tamamlanmış işi idi. Yəqin ki, bunda bir simvolizm var idi...
Atamın dünyasını dəyişdiyi an
Atamın ölümündən 38 il keçib. Həmin günü heç vaxt yada salmaq istəmirəm. Mənim üçün Fikrət Əmirov musiqidə yaşayır. Musiqilərində atamın ruhunu hiss edirəm. Hər bir əsərində atamla birgə yaşadığımız günlərin müxtəlif sevincli anlarını xatırlayıram. Özüm də musiqiçi olduğum üçün mənim bütün yaddaşım atamın yaradıcılığı və notları ilə sıx bağlıdır. Hər bir əsər səslənəndə mən qeyri-ixtiyarı həmin əsər yazılan zaman baş verən hadisələri, yaşanılan günün xatirəsini bütün vücudumla hiss edirəm.
Atamın yaradıcılığının məhsuldar illərində musiqi sahəsində digər korifey sənətkarlar Qara Qarayev, Cövdət Hacıyev və digər imzalar var idi. Sənət mübahisələri, yaxud fikir mübadilələri olurdumu?
Onun dostları, həmkarları ilə çoxlu fotoları var. Mən bildiyim qədər, həmkarları ilə bir-birlərini çox gözəl anlayırdılar. Bilirdi ki, özü də məşhurdur və qarşısında olan həmkarı da məşhurdur. Hərəsinin öz yolu var idi. Alicənab sənət adamları heç vaxt bir-biri ilə mübahisə etməz. Bəlkə də ürəklərində nəsə olsa da, amma heç vaxt açıq şəkildə büruzə vermədilər. Şahidi olduğum söhbətlərdə onlar yalnız sənətdən danışardılar. Əgər belə bir ciddi nüanslar olubsa da, həmin söhbətlər Bəstəkarlar İttifaqının iclaslarında, müzakirələrdə baş verərdi. Evdə isə dostları ilə öz musiqiləri və əsərlərini müzakirə edərdilər. Atam kiməsə qibtə edirdi, ya kimsə ona, bunu demək bir az absurd olar. Çünki o, hələ gənc ikən bir sıra yüksək mükafatlara layiq görülmüşdü.
Dahi bəstəkarın davamçıları
Qızım Nəzrinin uşaq yaşlarından musiqiyə həvəsi vardı. O özü bu həvəsini babası ilə əlaqələndirir. Musiqi təhsilini Bakıda Bülbül adına Orta İxtisas Musiqi Məktəbində piano üzrə Aliyə Əliyevanın sinfində alıb. 1995-ci ildə Brüssel Kral Konservatoriyasına qəbul olaraq professor Yevgeni Mogilevskinin sinfində oxuyub. 2001-ci ildə konservatoriyanı ilk azərbaycanlı olaraq piano ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. Beynəlxalq aləmdə babasının irsinin tanıdılmasında da layihələrlə çıxış edir. 2017-ci ildə Nəzrin tərəfindən yaradılan “Manestri” adlı trionun “Esprit nomades” adlı kompakt-diskində Fikrət Əmirovun əsərləri də yer alıb. O həm də 2019-cu ildə Brüsseldə qeydiyyatdan keçmiş Fikrət Əmirov Beynəlxalq Assosiasiyasının prezidentidir. Bu ilin sentyabr ayında Belçikada assosiasiya tərəfindən Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunmuş musiqili-ədəbi tədbir keçirilib. Tədbirdə “Manestri” triosu tərəfindən bəstəkarın əsərləri Nizami Gəncəvinin fransız dilinə tərcümə olunmuş bədii nümunələrindən parçaların müşayiəti ilə təqdim edilib və bu sintez belçikalılar tərəfindən rəğbətlə qarşılanıb. Müxtəlif əsrlərdə yaşamış iki dahi azərbaycanlının söz və musiqi irsinin bir gecədə səslənməsi mədəniyyətimizin zəngin tarixini və müasirliyini, eləcə də özünəməxsusluğunu göstərmiş oldu.
Atamın arxivi barədə
Atamın arxivi qardaşım Cəmil Əmirovdadır və qorunub saxlanmasını o həyata keçirir.
Qələmə aldı: L.Azəri
“Ədəbiyyat və incəsənət”
(23.12.2022)